Qənirə Paşayeva şəhid mayor Sənan Zamanovun xanımı ilə görüşdü

 09:47 24.03.2023     1424

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Vətən müharibəsinin “Rəşadət” ordenli şəhidi, Silahlı Qüvvələrin mayoru Sənan Zamanovun həyat yoldaşı Şəbnəm Zamanova ilə görüşüb.

Redaktor.az xəbər verir ki, parlamentdə baş tutan görüşdə, şəhid xanımının ürək sözləri dinlənilib, qayğıları öyrənilib.

Komitə sədri Azərbaycanın ali dövlət rəhbərliyinin şəhid ailələrinə yüksək diqqət-qayğısından danışıb, həmin diqqət-qayğının hər bir Millət vəkili, məmur, vətəndaş cəmiyyəti təmsilçisi, işadamı və aydınımız üçün də örnək təşkil etdiyini söyləyib. O, şəhid ailələri ilə hər görüşün onunçün çox əziz görüş olduğunu bildirib, şəhidin əziz ruhuna ehtiramını bildirib:

“Dəyərli bacım, hər bayramda ilk anılacaq insanlar sırasında ən öndə Siz şəhid ailələrinin üzvləri gəlirsiniz.

Tanrımıza şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, onların ruhu şaddır. Həyat yoldaşınızın şəhadət şərbəti içdiyi Suqovuşanda da, Mədəniyyət paytaxtımız, Qarabağımızın yaşıl tacı Şuşada da müqəddəs bayrağımız dalğalanır. Ordumuz yetərincə güclüdür, öz üzərinə düşən vəzifələrə uyğun olaraq istənilən tapşırığı yerinə yetirməyə qadirdir. Vətən uğrunda canını qurban vermiş igid zabitimizin timsalında bütün şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyirik”!

Görüşdə “UNİTY-Company”in təsisçisi Fikrət Əliyev də iştirak edib və o, şəhid ailələri ilə görüşün hər bir aydın, hər bir işadamı və vətənpərvər insan üçün bir mənəvi borc olduğunu vurğulayıb, şəhidimizin həyat və döyüş yolu ilə maraqlanıb.

Görüşün sonunda Mədəniyyət Komitəsi və “UNİTY-Company” adından şəhid ailəsinə hədiyyələr təqdim edilib.

***

Azərbaycan Ordusunun şəhid mayoru Sənan Qahir oğlu Zamanov (17.08. 1987, Çiləgir kəndi, Qusar rayonu – 01.10.2020) 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün bütün cəbhəboyu əks-hücumla başlanan II Qarabağ müharibəsi zamanı Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhid mayorumuz doğma Çiləgirdə torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərdiyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamı ilə Sənan Zamanov 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

“Vətən uğrunda” (15.12.2020), “İgidliyə görə” (24.06.2021), “Suqovuşanın azad olunmasına görə” (24.06.2021) medalları ilə təltif edilib.

Ruhu şad olsun!