Komitə sədri şəhid xanımı ilə görüşdü

 16:51 24.03.2023     741

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Vətən müharibəsinin şəhidi, Silahlı Qüvvələrin kapitanı Tural Zeynalovun həyat yoldaşı Kamilə Zeynalova ilə görüşüb.

Redaktor.az xəbər verir ki, parlamentdə baş tutan görüşdə, şəhid xanımının ürək sözləri dinlənilib, qayğıları öyrənilib.

Komitə sədri Azərbaycanın ali dövlət rəhbərliyinin şəhid ailələrinə yüksək diqqət-qayğısından danışıb, həmin diqqət-qayğının hər bir Millət vəkili, məmur, vətəndaş cəmiyyəti təmsilçisi, işadamı və aydınımız üçün də örnək təşkil etdiyini söyləyib. O, şəhid ailələri ilə keçirilən hər görüşün onunçün çox əziz görüş olduğunu bildirib, şəhidin əziz ruhuna ehtiramını bildirib:

“Dəyərli bacım, hər bayramda ilk anılacaq insanlar sırasında ən öndə Siz şəhid ailələrinin üzvləri gəlirsiniz.

Tanrımıza şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, onların ruhu şaddır. Həyat yoldaşınızın şəhadət şərbəti içdiyi Füzulidə də, Mədəniyyət paytaxtımız, Qarabağımızın yaşıl tacı Şuşada da müqəddəs bayrağımız dalğalanır. Ordumuz yetərincə güclüdür, öz üzərinə düşən vəzifələrə uyğun olaraq istənilən tapşırığı yerinə yetirməyə qadirdir. Vətən uğrunda canını qurban vermiş igid zabitimizin timsalında bütün şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyirik”!

Görüşdə “UNİTY-Company”in təsisçisi Fikrət Əliyev də iştirak edib və o, şəhid ailələri ilə görüşün hər bir aydın, hər bir işadamı və vətənpərvər insan üçün bir mənəvi borc olduğunu vurğulayıb, şəhidimizin həyat və döyüş yolu ilə maraqlanıb.

Görüşün sonunda Mədəniyyət Komitəsi və “UNİTY-Company” adından şəhid ailəsinə hədiyyələr təqdim edilib.

***

Azərbaycan Ordusunun şəhidi Tural Ruslan oğlu Zeynalov 1987-ci ildə Bakı şəhərində anadan olub. 1994-cü ildə V.Əvəzov adına 300 saylı tam orta məktəbdə ilk orta təhsilini alıb. 2002-ci ildə 9 illik təhsilini bitirərək, C.Naxçıvanski adına Hərbi liseyə daxil olub və 2006-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin nəzdindəki Heydər Əliyev adına Hərbi İnstituta) daxil olub. 2010-cu ildə leytenant rütbəsi alan Tural Zeynalov, Daşkəsəndə yerləşən “N” saylı hərbi hissədə bölük komandiri vəzifəsində fəaliyyətə başlayıb və 2016-cı ilin Aprel döyüşlərində iştirak edib.

Azərbaycan Ordusunun kapitanı olan Tural Zeynalov Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə fədakarlıqla vuruşub, oktyabrın 11-də Füzulidə şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən şəhid Tural Zeynalov “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Ruhu şad olsun!