"Futbolumuz yenidən aşsüzən dövrünə qayıtdı" - Deputatdan ETİRAZ

 09:55 28.03.2023     930

"Futbolumuz Aşsüzən dövrünə yenidən qayıtdı. Yalandan Byazinin boynuna yıxmayın. Milli komandada oynamanın məsuliyyətini futbolçu anlamırsa və fədakarlıq etmirsə, hansı məşqçını gətirsəniz də belə davam edəcək".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa Canni De Byazinin baş məşqçisi olduğu futbol üzrə Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində səfərdə İsveçə 5:0 hesabı ilə məğlub olmasını şərh edərkən bildirib.

Millət vəkilinin fikrincə, Azərbaycanda böyük mənada futbol yoxdursa, milliyə oyunçu götürmə alternativləri hədsiz məhdud olacaq.

"Qurban Qurbanovu intriqalara qurban verərək uzaqlaşmağa məcbur etdilər ki, millimiz həmişə bu cür sınıq-salxaq durumda qalsın. Komandanın liderinin olmaması ilə yanaşı həm də xarakteri yoxdur. Bərabər səviyyədə 70-ci dəqiqəyədək davam edən oyunda son 30 dəqiqədə tam bir acizlik mənzərəsi ortaya qoyuldu. Udub-uduzmaqdan da önəmli deyil, bütün hallarda əzmkarlık göstərmək lazımdı. Əvəzində tam doqquzluğa vurdular. Bəs nə etməli? Gürcüstan və Ermənistan millilərinin oyunlarını diqqətlə izləyib, ən azı Aşsüzən olmamanın yolunu tapmaq yaxşı olardı", - deyə F.Mustafa futbolçularımıza etiraz edib.

Qeyd edək ki, Azərbaycan millisinin İsveçə biabırçı məğlubiyyətindən sonra futbol azarkeşləri baş məşqçi Canni De Byazinin istefaya göndərilməsini tələb ediblər.

İltifat Hacıxanoğlu