AZAL-ın bilet qiymətləri təhsilimizə də zərbədir - Deputatlar

 18:03 28.03.2023     7553

Məlum olduğu kimi, Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra ölkənin hər yerində universitetlər distant təhsil formasına keçib.

Qeyd edək ki, qardaş ölkədə minlərlə azərbaycanlı tələbələr də təhsil alır. Dərslərin distant olması səbəbindən həmin tələbələrin bir qismi Azərbaycana, öz ailəsinin yanına gəlib. Lakin aprel ayından Türkiyədə semestr imtahanları başlayır. Tələbələrdən bəzilərinin isə yenidən Türkiyəyə qayıtmaq imkanının olmaması da məlumdur. Həm quru sərhədlər bağlıdır, həm də "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bilet qiymətləri dodaq uçurdur. 

Bəs, AZAL-ın qiymətləri endirməməsi tələbələrimizin büdcəsinə necə təsir edəcək? Tələbələr üçün hansısa güzəştlər olacaqmı?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, elə məsələlər var onlar pulla və büdcə ilə ölçülməməlidir.

"Azərbaycanın kifayət qədər imkanları, vəsaiti var. Hesab edirəm ki, biz belə məsələlərdə əsas qazancı yox, tələbələrin təhsili və inkişafını nəzərdə tutmalıyıq. Mən əvvəl də çıxışımda demişdim ki, vahid bir sistem fikirləşməliyik. Yəni tələbələr üçün müəyyən məbləğdə güzəşt olsun və bu, dünyanın hər yerində var. Dövlətimizin də bunun üçün kifayət qədər imkanları var. Mən hesab edirəm, məsələ qaldırılsa, dövlətimiz də bu prosesə öz dəstəyini verə bilər. Bu, hər il müzakirə olunur. Düşünürəm ki, həm AZAL özü, həm də Elm və Təhsil Nazirliyi bu istiqamətdə addımların atılmasına çalışmalıdır",- deyə deputat əlavə etdi. 

Milli Məclisin deputatı Fazil Mustafa isə bildirdi ki, quru sərhədlərinin açılması olduqca vacibdir, xüsusilə də tələbələr üçün:

"Çünki bu sərhədlər açılmasa, bu, təhsil sisteminə də, tələbələrin xaricdə təhsilinə böyük zərbə olacaqdır. Açığı, burada əsas məqamlardan biri odur ki, ola bilsin hansısa bir məqsədlərlə quru sərhədlər bağlı saxlanılır. Yəni bu təhlükəsizlik və başqa amillər də ola bilər, xəstəliklə də bağlı ola bilər. Amma bunun narahatedici cəhəti odur ki, məhz quru sərhədlərin bağlı saxlanması nəticəsində təyyarə qiymətlərində biletlərin qiyməti aşağı düşmür. Demək, bu, kimlərinsə gəlir əldə etməsi üçün nəzərdə tutulan bir varianta oxşayır. Yəni bunu ortadan qaldırmaq lazımdır. Əhali əziyyət çəkir, zülm çəkir. Necə ola bilər İstanbula bir bilet 400 manatdan artıq olur? Halbuki normal standartlarda 100 manatı keçmir. Bir dəfəyə 300 manat artıq varlanmaq olar? İnsanları bu qədər əziyyətə salmağın adı nədir? Heç olmasa alternativləri verin ki, insanlar bundan bəhrələnə bilsinlər, yararlana bilsinlər. Ona görə də bu, sanki məqsədyönlü bir şəkildə edilir ki, AZAL-ın gəlirləri azalmasın. Bu da belə yanlış bir yanaşmadır. Ona görə də, məncə, bu məsələ çox ciddi müzakirə olunmalıdır və narahatçılıq doğuran ciddi məsələlərdən biridir".

Mövzu ilə bağlı AZAL-a da müraciət etdik.

Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, martın 3-dən AZAL-da Bakıdan İstanbula və əks istiqamətdə uçuşlar üzrə bahar aksiyası keçirilir.

"Aksiya çərçivəsində, AZAL-ın martın 27-dən aprelin 18-dək həyata keçirilən reyslərinə ekonom sinifdə bir aviabilet əldə edərkən ikincisi aviaşirkət tərəfindən ödənişsiz təqdim olunur. Həmçinin, aksiya çərçivəsində “AZAL Miles” kart sahibləri bu marşrut üzrə hər uçuşa görə ikiqat mil qazanırlar. Aksiya üzrə aviabiletlərin rəsmiləşdirməsi üçün aprelin 18-dək daxil olmaqla AZAL aviaşirkətinin bütün akkreditə olunmuş agentliklərinə və ya [email protected] elektron poçtu vasitəsilə aviaşirkətin çağrı mərkəzinə müraciət etmək lazımdır. Aksiya çərçivəsində hədiyyəli aviabiletinin vergi və rüsumları sərnişin tərəfindən ödənilir. Qeyd olunan aksiya bütün kateqoriyadan olan sərnişinləri əhatə edir",- deyə AZAL-dan bildirildi.

Həmidə İBRAHİMLİ