Bulvarda çəkilişə icazə verilməməsi qanunsuzluqdur - AÇIQLAMA

 19:34 28.03.2023     1922

Bir neçə günt öncə Milli Məclisin deputatı Razi Nurullayevə Bakı Ağ Şəhər bulvarında bulvar işçiləri tərəfindən müsahibə verməsinə icazə verilməyib. O, bu barədə sosial şəbəkə hesabında yazaraq öz etirazını bildirib.

“Xəzər Xəbər”in əməkdaşları da bulvar ərazisində çəkiliş aparmaq istəyərkən Dənizkənarı Bulvar İdarəsinin mühafizə xidməti onlardan çəkilişi dayandırmağı tələb edib. 

Sözügedən idarəinin mətbuat katibi Könül İmamverdiyeva isə bildirib ki, bulvar Milli Park sayılır və bura xüsusi şəkildə mühafizə olunur. Bu səbəbdən jurnalistlər çəkiliş üçün icazə almalıdır.

Qurum rəsmisi onu da qeyd edib ki, bu qayda idarənin nizamnaməsində də öz əksini tapıb. Lakin nizamnamə əvvəldən axıra qədər oxunulub və heç bir bənddə "jurnalistlər bulvara girmək üçün xüsusi icazə almalıdırlar" müddəasına rast gəlinməyib.

Könül İmanverdiyeva mətbuata onu da bildirib ki, Dənizkənarı Bulvar İdarəsi deputat Razi Nurullayevin Ağ Şəhər Bulvarında müsahibəsinə çətinlik yaratmayıb.

Maraqlıdır, bəs həqiqətən bulvar ərazisində çəkiliş etmək qadağandırmı?

Məsələ ilə bağlı Redaktor.az-a danışan hüquqşünas Əkbər Bağırov bildirdi ki, bulvar ərazisi hamı üçün sərbəstdir.

"Oranın mətbuat xidmətinin rəhbəri göstərir ki, nizamnamədə belə bir şey nəzərdə tutulub. Ancaq nizamnaməyə də baxıblar, elə bir şey nəzərdə tutulmayıb. Mən belə hesab edirəm ki, bulvar ərazisi hamı üçün sərbəstdir və bu orada qadağanın qoyulması hansı qanunda göstərilir, onu izah etməlidirlər. Mən elə bir qanunvericilik aktı bilmirəm ki, bulvar ərazisi kimin üçünsə qapalı olsun. Yəni nəsə çəkiliş aparmaq qadağa olunsun. Elə bir qanunvericilik aktını göstərməlidirlər. Xüsusən də jurnalistlər bunu araşdırmalıdır ki, bu hansı qanunvericiliklə tənzimlənir və onlar nəyə görə bunu belə edirlər. Bulvar strateji obyekt deyil, qoruq ərazisi deyil, xüsusi statuslu bir yer deyil. Dünən televiziyanın da jurnalisti orada çəkiliş aparmaq istəyib, ona da icazə verməyiblər. Sözsüz ki, bunu mən qanunsuzluq hesab edirəm. Bu hərəkəti edirlərsə, onu qanunvericilik əsası göstərməlidirlər. Mən belə hesab edirəm ki, belə bir şey yoxdur",- deyə hüquqşünas qeyd etdi.

Məsələyə yenidən münasibət bildirən Milli Məclisin deputatı Razi Nurullayev isə qeyd etdi ki, ona Bulvar İdarəsindən heç bir üzürxahlıq edilməyib:

"Əksinə, onlar ictimaiyyətə yalan məlumat yayıb ki, deputat üçün bütün şərait yaradılıb. Onların deputat üçün yaratdığı şərait, deputatların orada müsahibə verməyi qadağan etmək oldu. Sonra da cəmiyyətə bu cür yalan məlumat vermək yaraşmayan hərəkətdir. Mən bunu doğru saymıram. Onlar dövlət qurumudur. Bu cür şəkildə ictimaiyyətə yalan məlumat vermək yaxşı qarşılanmır. Axı bütün bunları hər kəs oxuyur. Bu, bizim dövlətimizdir. Bu, bizim torpağımızdır, respublikamızdır. Biz öz dövlətimiz haqqında niyə bu şəkildə fikrlər formalaşdıraq? Niyə insanlarımız düşünsün ki, bir dövlət qurumu yalan danışır, vətəndaşlarımız narazı qalsın. Axı bu, belə olmaz. Mən istəməzdim onlar bu şəkildə hərəkət etsinlər. Amma mən yenə də onlardan üzrxahlıq gözləyirəm. Çünki bu sadə, sıradan bir məsələ olmadı".

Deputatın sözlərinə görə, vətəndaşlar bulvara istər müsahibə verməyə getsin, istər gəzməyə getsin, onlar ora istirahətə, stress atmağa gedir, stress qazanmağa yox, əsəblərini pozmağa, korlamağa getmir:

"O baxımdan mən Bulvar İdarəsinin bütün bu məsələlərdə daha doğru yanaşma ortaya qoyacağına inanıram. Etdikləri bu hörmətsizliyə görə də, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvünü müsahibə verməyə imkan vermədiklərinə görə, soyuğun altında küləkdə 15-20 dəqiqə gözlədib, sonra da icazə vermədiklərinə görə üzr istəmələrini gözləyirəm. Bu, mənim haqqımdır və inanıram ki, onlar da bunu anlayacaqlar, bu üzürxahlığı edəcəklər".

Həmidə İbrahimli