"İran şəbəkəsi Azərbaycanda kifayət qədər kök atıb" - Fazil Mustafadan AÇIQLAMA

 17:57 29.03.2023     2785

Azərbaycanda TikTok sosial şəbəkəsi ilə bağlı narahatlıqlar artmaqdadır. TikTok bir tərəfdən biabrıçı videoların, bayağı musiqilərin paylaşıldığı məkandan başqa, artıq insanların beyinlərinin yuyulduğu, ideoloji təbliğata məruz qaldığı bir məkana çevrilib. Bu məsələ ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov da bu günlərdə öz narahatlığını bölüşüb. O, bildirib ki, dini sahədə ən fəal tərəf İrandır.

"Azərbaycan gəncinin İranın ən çox ideoloji təbliğatına məruz qaldığı platformalardan biri TikTok-dur. Burada minlərlə bəlkə də yüz minlərlə səhifə dini təbliğat aparır. Onların içərisində Azərbaycan əleyhinə yönəlmiş təbliğat aparan çoxlu səhifə də var. Hər gün yüzlərlə də yeni səhifə yaradılır. Bəyənmə və izləmələrin sayı isə yüz minlərlədir. Açıq hiss olunur güclü təşkiltlanmış böyük şəbəkə qonşu dövlətdə əyləşib Azərbaycan dindarları ilə fəal iş aparır. Azərbaycan gənclərinin də böyük əksəriyyəti bu videolara baxaraq ciddi təsirlərə məruz qalırlar" - deyə millət vəkili narahatlığını bölüşüb.

Bəs, TikTok vasitəsilə yayılan bu təhlükənin qarşısını almaq üçün dövlət nə etməlidir? Hansı tədbirlər görülməlidir? TikTok bağlanmalıdırmı?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirdi ki, TikTok-da dini təbliğatın aparılması əslində İran dövlətinin bilavasitə bu məsələdə ayırdığı vəsaitlər hesabına gerçəkləşir. 

"O kampaniya barədə feysbukda da, başqa yerdə də bilgimiz ona görə çoxdur ki, ən çox hədəfə alınan insanlardan da biri bizik. Burada da bizim təkcə özümüzü yox, ailəmizi, rəhmətə getmiş valideynlərimizi də təhqir eləyən bir mexanizm işləyir. Bu mexanizmdə Avropada olan söyüş müxalifətini də bu mexanizm vasitəsilə maaliyələşdirirlər və onlar da məhz bu istiqamətdə təhqir, hansısa bir formada insanları aşağılamaq istiqamətində işlər görürlər. Dini baxışları İslama uyğun olan insanların məhz hədəfə seçilməsini təmin edirlər. Amma bizim gəncliyi də çox zaman bu tora sala bilirlər. Bunun başlıca məsələsi odur ki, dini baxımdan Azərbaycan gəncliyi demək olar ki, bilgi məhdudiyyətinə malikdir, ya bilgi çox azdır və ondan hər hansı bir şəkildə bu prosesdə bir müqavimət göstərmək imkanları da zəifdir. Sağlam gəncliyimiz də var. Amma bu gəncliyimizin, özü də bilgili, dini mövzularda daha yetkin olmadığına görə bu təbliğatın qarşısında dura bilmirlər" - deyə o vurğuladı.

Deputatın fikrincə, sosial şəbəkədə İran sistemindən gələn insanı tanımaq çətin deyil:

"Bunlarda birinci növbədə tərbiyə problemi var. Bunlar mütləq söyüş söyməlidirlər. Peyğəmbərin söyüş söymədiyini nəzərə almırlar. Bunlar Həzrət Əlinin söyüş söymədiyini nəzərə almırlar. Bunlar sadəcə İran Sasani dövründən qalan, sonradan İslama soxulmuş bir tərbiyəsizlər olduğuna görə, ancaq söyüş söyməklə arqumentlərini qəbul etdirməyə çalışırlar. Ya kimisə lənətləməklə, kimisə təhqir etməklə. Ona görə də bunları tanımaq çox çətin deyil. Bu şəbəkə ilə mübarizə aparmaq isə dövlət orqanlarının, təbii ki, burada fəaliyyətinə ehtiyac var. Amma dövlət orqanlarına da bizim deyəcəyimiz heç bir bu istiqamətdə söz yoxdur. Çünki bizim fikirlərin elə də diqqətə alınması müşahidə olunmur. Ona görə də biz ancaq özümüz fərdi qaydada mübarizə aparırıq, çünki dövlətin bu mövzularda immuniteti xeyli aşağıdır və hesab edirəm ki, məhz bu immunitetin aşağı olmağına görə də İran şəbəkəsi Azərbaycanda kifayət qədər kök atıb. İndi də müxtəlif şəbəkələr vasitəsilə Azərbaycan dövlətini təhdid edən addımlar atırlar. Vəziyyət olduqca ciddidir və bunun mahiyyətini də başa sala biləcəyimiz adamların sayı çox deyil. Ona görə də biz sadəcə vicdan məsələsi kimi baxaraq öz millətimizin, dövlətimizin maraqlarını qorumaq üçün fərdi qaydada, bir çox ziyalıların da bu məsələdə aktivliyi ilə müəyyən maarifləndirici işlər aparmağa çalışırıq".

Qeyd edək ki, millət vəkili Fazil Mustafa Redaktor.az-a bu açıqlamanı dünən xain terror hücumuna məruz qalmamışdan öncə verib. 

Həmidə İbrahimli