"Laçına köçürüləcək insanların təhlükəsi ilə bağlı narahatlıqlar qalmayıb" - Mahir Abbaszadə

 17:25 29.03.2023     689

Xəbər verdiyimiz kimi, Məsim Əhməd oğlu Məmmədov “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə müəyyən edilmiş Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Eyni zamanda, Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən bildirib ki, minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Mahir Abbaszadə bildirdi ki, 44 günlük Vətən müharibəsində qələbə əldə etdikdən sonra işğaldan azad olunan ərazilərin bərpa edilməsi, qurulması, yaradılması, burada həyatın bərpa edilməsi, infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı Azərbaycan dövləti tərəfindən ciddi işlər aparılmaqdadır.

Onun sözlərinə görə, bu nöqteyi nəzərdən Prezidentin çıxışında qeyd etdiyi kimi, Laçın rayonunun şəhər mərkəzində, Zabuxda və Susda hal-hazırda çox sürətli işlər getməkdədir:

"Bu sürətli işlər özündə dağıdılmış evlərin bərpa edilməsini, infrastrukturun qurulmasını, sosial obyektlərin tikilməsini, eyni zamanda 2 nömrəli tam orta məktəbin təmir edilib istifadəyə verilməsini əhatə edir. Zabux və Sus kəndlərinin isə tamamilə yenidən qurulması, burada müasir evlərin tikilməsi, müasir standartlara cavab verən qəsəbə və kəndlərin salınması ilə bağlı olan məsələlərdir. Təbii ki, bu məsələlər sürətlə inkişaf edəcək və Azərbaycan dövlətinin gücü sahəsində bu ərazilərdən uzun müddət məcburi köçkün düşmüş insanlar yenidən bu ilin sonuna qədər, yəni 2023-cü ilin sonuna qədər öz ata-baba yurdlarına qayıdıb orada yaşaya biləcəklər. Azərbaycan işğaldan azad olunmuş ərazilərdə bildiyiniz kimi, yeni bir idarəetmə modelinə keçirilir. Bu yeni bir idarəetmə modeli, təbii ki, cənab Prezidentin səlahiyyətli nümayəndələrinin təyin edilməsi və sonradan səlahiyyətli nümayəndələrinin tərkibində publik hüquqi şəxslərin yaradılması ilə bağlı olan məsələdir. Möhtərəm cənab Prezident indiyə qədər Qarabağa, Şərqi Zəngəzurun Zəngilan, Qubadlı, Cəbrayıl rayonlarına, eyni zamanda Şuşa şəhərinə səlahiyyətli nümayəndə təyin edib. Növbəti təyinat isə Laçın rayonundan olan cənab Prezidentin səlahiyyətli nümayəndəsinin təyin edilməsidir".

Deputatın fikrincə, bu, ölkəmiz üçün yeni bir idarəetmə modelidir:

"Həm Azərbaycan Respublikasının dövlət başçısının, həm Azərbaycan xalqının yeni yaradılmış institutdan, eyni zamanda təyin olunmuş şəxsdən çox böyük gözləntiləri var. Çünki yeni idarəetmə yeni yanaşma tələb edir. Bu nöqteyi nəzərdən cənab Prezidentin yeni nümayəndəni təyin edərkən qəbul zamanı göstərdiyi istiqamətlər mənə elə gəlir ki, nümayəndəliklərin hamısı üçün yeni istiqamətləri özündə müəyyənləşdirir. İnanıram ki, yeni nümayəndəlik də ona verilən bu səlahiyyəti və etimadı qiymətləndirərək işlərin öhdəsindən layiqincə gələ biləcək".

Mahir Abbaszadə qeyd etdi ki, Laçın rayonunda əsas məsələlərdən biri bu gün təhlükəsizlik məsələləridir.

"Təhlükəsizlik məsələləri cənab Prezidentin qeyd etdiyi kimi, yüksək səviyyədə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən qorunmaqdadır. Bu da təbii ki, köçürüləcək insanların təhlükəsi ilə bağlı olan narahatlıqları aradan qaldırır. Digər bir tərəfdən köçürüləcək insanlarla bağlı dövlət tərəfindən proqram qəbul edilib. Həmin proqrama əsasən iqtisadiyyatın müxtəlif sektorları Laçın rayonunda inkişaf etdiriləcək. Bununla bağlı artıq yeni, ilkin mərhələdə olan işlər görülübdür. Yəni rayonda həm kənd təsərrüfatının, həm sənayenin, həm turizmin inkişafı, eyni zamanda, aqroparkların salınması ilə bağlı ciddi işlər görülür. Bütün bunlar isə buraya köçürüləcək insanların həm həyat şəraitini yaxşılaşdırmaq, məşğuliyyət problemini həll etmək, həm də onların dayanıqlı və sosial müdafiəli olan köçürülməsini təmin edəcək. Ölkə rəhbərinin qeyd etdiyi kimi, biz laçınlılar, ata-baba yurdlarımıza qayıdacağıq və daimi qayıdacağıq" -  deyə Laçının deputatı vurğuladı.

Həmidə İbrahimli