Məqsədlərinə çata bilmədilər -  Fazil Mustafadan yeni açıqlama

 18:13 29.03.2023     755

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin rəhbəri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc ötən gün silahlı hücuma məruz qalan deputat Fazil Mustafa ilə telefon əlaqəsi saxlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə modern.az-a danışan komitə sədri bildirib ki, Fazil Mustafa hadisənin necə baş verməsi və digər nüanslarla bağlı ona məlumat verib:

“Fazil bəylə sırf tibbi səbəblərdən əyani görüşmək məqbul sayılmır. Ona görə də bu gün telefonla  geniş danışdıq. Fazil bəy hadisəni nəql etdi, həm də göstərdiyi dəstəyə görə hər kəsə təşəkkürünü bildirdi. Eyni zamanda o, qeyd etdi ki, terroru həyata keçirməyə çalışan qüvvələr öz məqsədlərinə nail ola bilməyiblər. Kimlərsə gəlib evin kandarında deputatın ailə üzvlərinin olduğu ərazidə sui-qəsd etmək istəyibsə, onlar professional qüvvələr deyil. Əlbəttə, bu hadisə şəxsi zəmində olmayıb, dövlətin təhlükəsizliyinə zərbə vurmaq istəyiblər. Bu cür hadisələrlə 90-cı illəri geri qaytarmaq mümkün deyil”.

Fazil Mustafa Zahid Orucla söhbətində bildirib ki, terrorçu qüvvələr artıq məğlub olublar:

“Ən yaxın məsafədən silahla hücum edib, qətl planını yerinə yetirə bilmirlərsə, o qüvvələr heç bir zaman Azərbaycan dövlətinin qarşısında tab gətirə bilməz. Fazil Mustafa bildirdi ki, hazırda vəziyyəti yaxşıdır, səhhəti ilə bağlı problem yoxdur”.  

Komitə sədri Fazil Mustafanın sui-qəsd olayında kimdən şübhələnməsi məsələsinə də toxunub:

“Bu barədə qənaətlərini yəqin ki, istintaq orqanları ilə bölüşüb. Ona görə qoruma işləri daha da gücləndirilib. Düşünmürəm ki, Fazil Mustafanın düşməni evinin astanasına qədər gəlsin. Eyni zamanda aylarla, illərlə onu izləsinlər. Bu, dövlətə qarşı atılmış addımdır”.  

Ötən gün Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror aktı törədilib. Yaşadığı evin qarşısında güllələnən deputat çiyin və ayağından yaralanıb. O, dərhal xəstəxanaya çatdırılaraq, əməliyyat olunub.  

Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, 28 mart 2023-cü il tarixində deputat Fazil Mustafa Sabunçu rayonundakı evinin qarşısında “Kalaşnikov” avtomatından açılan atəş nəticəsində iki güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilir və vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur.