GİPA jurnalistika üzrə magistr proqramına qəbul elan olundu

 14:33 01.04.2023     676

Gürcüstanın İctimai Əlaqələr İnstitutunun (GİPA) Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin (QJMİM) jurnalistika və media əlaqələri üzrə magistr proqramına tələbə qəbulu elan olunub.

Bu barədə Redaktor.az-a ABŞ-ın Azərbaycandakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, dərslər ABŞ və Avropa universitetlərinin müəllimləri və qərb təhsilli gürcü professorlar tərəfindən keçiriləcək.

ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi proqramın məqsədi Qafqazda medianın gücləndirilməsidir.

Beş nəfərədək azərbaycanlı namizədin 2023-cü ilin sentyabrından 2025-ci ilin iyununa qədər 4 semestr ərzində təklif olunacaq proqram üçün seçilməsi gözlənilir.

Müsabiqəyə jurnalistika, media, kommunikasiya, qrafika, fotojurnalistika, məzmunun işlənib hazırlanması və digər əlaqəli sahələrlə maraqlanan tələbələr müraciət edə bilərlər. Tələbələr 2023-cü ilin sentyabr ayından 2024-cü ilin dekabr ayına kimi Tbilisi şəhərində GİPA-da oxuyacaqlar. 2025-cü ilin may ayında isə onlar diplom işlərini müdafiə etmək üçün yenidən instituta qayıdacaqlar. GİPA-da təhsil aldıqları zaman tələbələrin kompüter, radio və video avadanlıqlardan, internet və zəngin kitabxanadan istifadə etmək imkanları olacaq. Proqram çərçivəsində tələbələr “Brosse Street Journal” adlanan jurnalın həm çap, həm də internet versiyasını hazırlayacaq və GİPA FM radiosu vasitəsilə xəbər proqramlarını yayımlayacaq. GIPA tələbələri Erasmus+ mübadilə proqramlarında iştirak etmək və Avropanın müxtəlif uUniversitetlərində bir semestr təhsil almaq üçün maliyyələşmək hüququna malikdirlər.

Çap və teleradio yayımı mediası nümayəndələri üçün nəzərdə tutulan tədris planı praktiki yanaşma və əldə edilmiş təcrübə prinsipləri üzərində qurulub və faktlara əsaslanan peşəkar xəbərin çatdırılmasını nəzərdə tutur. Burada həmçinin idarəçilik üsullarına, iqtisadiyyat və hüquq fənlərinin tədrisinə də diqqət ayrılacaq.

Müsabiqədən keçmək üçün namizədlərdən yüksək səviyyədə ingilis dili biliyi tələb olunur.

ABŞ-ın Bakıdakı səfirliyi ehtiyacı olan tələbələrin Gürcüstanda oxuduğu müddətdə təhsil və yaşayış xərclərini maliyyələşdirəcək.

Qəbul üçün prosedur: Azərbaycan-Amerika qəbul komissiyası üzvlərinin Bakıda keçirəcəyi müsahibədən uğurla keçmək.

Sənədlərin qəbulu üçün son tarix 2023-cü il aprelin 30-dur.