Naxçıvanda Kətə Festivalı keçiriləcək

 15:08 03.04.2023     377

Naxçıvanda Kətə Festivalı keçiriləcək.

Redaktor.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin məlumatına görə, festival aprelin 7-8-də Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala“ Tarix-Memarlıq Muzey Kompleksində baş tutacaq.

Festivalda muxtar respublikanın rayonlarından və Naxçıvan şəhərindən 200-ə yaxın kətə hazırlayan ailə təsərrüfatçısı, o cümlədən digər təsərrüfat subyektləri iştirak edəcək.

Həmçinin muxtar respublikanın rayonlarından yığılmış müxtəlif çeşiddə göyərtilərin satışı təşkil olunacaq, həm də onlardan hazırlanacaq kətələr nümayiş olunacaq. Festivala gələnlər müxtəlif çeşiddə kətələrin hazırlanması və süfrəyə təqdim olunmasını canlı izləyəcək, təndirdə bişmiş kətə çeşidlərinin dadına baxmaq imkanı əldə edəcəklər. Musiqi və incəsənət ustaları tədbirə əlavə rəng qatacaqlar.

Festivalda “Ən dadlı kətə” nominasiyası üzrə müsabiqə təşkil ediləcək. Hazırlanan kətələr görünüşü, çeşid müxtəlifliyi və dadına görə münsiflər heyəti tərəfindən qiymətləndiriləcək, qaliblərə diplomlar təqdim olunacaq.