Bayraktarın İlham Əliyevə hədiyyə etdiyi maket NƏDİR?

 16:50 03.04.2023     370

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdarı qəbul edib.

Redaktor.az xəbər verir ki, görüş zamanı Selçuk Bayraktar Prezident İlham Əliyevə "Baykar" şirkəti tərəfindən istehsal edilən "KızılElma" insansız qırıcısının maketini hədiyyə edib.

Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün digər sahələrdə olduğu kimi hərbi və müdafiə sənayesi sahələrində də uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

"KızılElma" pilotsuz döyüş təyyarəsi nələrə qadirdir?

"Baykar" şirkətinin öz imkanları ilə istehsal etdiyi "KızılElma" insansız döyüş təyyarəsinin yaradılmasına 2021-ci ildə başlanıb. Ötən ilin noyabr ayında uçuş-enmə zolağında sınaqlara başlayan təyyarə ilk uçuşunu dekabr ayının 14-də həyata keçirib.

İnsansız təyyarə xüsusi texnologiyası sayəsində düşmən radarlarında çox zəif görünəcək. 6 ton uçuş çəkisinə malik olacaq pilotsuz təyyarə Türkiyə istehsalı bütün döyüş sursatlarını daşıya biləcək.

"KılzılElma"nın 1500 kiloqram faydalı yük (sursat və radarlar) daşıması planlaşdırılır. Pilotsuz döyüş təyyarəsi Türkiyə şirkətləri tərəfindən inşa edilən "TCG Anadolu" gəmisində əməliyyatlar icra edəcəyi nəzədə tutulub. Uçuş aparatının mühərrikləri Ukraynanın "İvçenko-Progress" şirkəti tərəfindən istehsal edilib.

Qeyd edək ki, insansız döyüş təyyarələri ənənəvi pilotsuz uçuş aparatlarından (PUA) fərqlidir. Belə ki, insansız qırıcılar hava hədəflərini məhv edə, daha ağır silahlar daşıya bilir. Türkiyə bu təyyarəni istehsal edən azsaylı ölkələrdən biridir.