Ali Məhkəmənin yeni sədrinin DOSYESİ

 18:48 04.04.2023     2407

Bu gün Milli Məclisdə İnam Kərimovun Azərbaycan Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında qərar qəbul edilib.

Daha sonra Prezident İlham Əliyev İnam Kərimovu Ali Məhkəmənin sədri təyin edib.

Redaktor.az İnam Kərimovun dosyesini təqdim edir:

İnam İmdad oğlu Kərimov 1977-ci il iyunun 6-da Bakı şəhərində anadan olub.

1984-cü ildən 1994-cü ilə qədər S. C. Pişəvəri adına Humanitar fənlər Gimnaziyasında təhsil alıb. 1994–1995-ci illərdə Amerika Birləşmiş Ştatların İndiana ştatında yerləşən Riçmond Orta məktəbində təhsilini davam etdirib. 1995-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinə qəbul olub. 1998-ci ildən 2000-ci ilə qədər Fransanın Strasburq Universitetində hüquq ixtisası üzə bakalavr təhsili alıb. 2000–2002-ci illərdə isə Sorbonna Universitetində hüquq ixtisası üzrə magistr təhsili alıb. 2013-cü ildə Sorbonna Universitetində hüquq elmləri doktoru (docteur en droit) elmi dərəcəsi alıb.

İnam Kərimov 2002-ci ildən 2004-cü ilədək Azərbaycan Prezidentinin Administrasiyasında məsləhətçi, 2004–2012-ci illərdə baş məsləhətçi vəzifələrində çalışıb. O, 2005–2012-ci illərdə Azərbaycanın Korrupsiyaya qarşı mübarizə üzrə Komisiyyasının katibi və Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycanın nümayəndə heyətinin rəhbəri olub.

Prezident İlham Əliyevin 7 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə İnam Kərimov Azərbaycanın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsinə təyin edilib.

O, 21 aprel 2018-ci ildən bu günədək Azərbaycanın kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.

İngilis, fransız, rus və fars dillərini bilir. Ailəlidir, 2 övladı var.

Tunar Altunbay