Nazir “o yeniyetmə ruhi xəstə deyil” deyən baş həkimi işdən ÇIXARDI

 10:13 05.04.2023     1919

1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov işdən çıxarılıb.

Redaktor.az xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb.

Səhiyyə Nazirliyindən bildirilib ki, A.Rəsulovun yaş həddi ilə əlaqədar əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan və həmin uşaq evi ilə bağlı şikayətini bildirən yeniyetmə M.Hacıyev 1 saylı psixiatriya xəstəxanasına yerləşdirilib.

 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov yeniyetmənin vəziyyətinin ruhi xəstəxanada saxlanılacaq qədər ciddi olmadığını, yüngüz pozuntuların olduğunu və geri göndərməyə çalışıqlarını deyib: 

"O yeniyetmə ruhi xəstə deyil. Psixiatriya iki hissəyə bölünür, böyük və kiçik psixiatriya. Bunda diaqnoz sosiopatiyadır. Cəmiyyətdə özünü düzgün apara bilmir. Bir qədər narahat uşaqdır. Bunu dəlixanaya salmaq nə dərəcədə düzgündür?  Uşaq evindən göndəriblər, biz də geri göndəririk uşaq evinə. Uşaq evinin müdiriyyəti onu qəbul eləmir. Qoy indi çıxış eləsin, desin ki, mən yanlış demişəm uşaq evi barəsində. O zaman uşağı qəbul edəcəklər. Uşaq evi kimsə atasının evidir məgər, istəsən qəbul edəsən, istəməsən yox".