Baş həkimi Uşaq Evinin direktoru işdən çıxartdırıb? - Nazirlik susur...

 17:08 05.04.2023     1013

Bu gün səhiyyə naziri Teymur Musayevin müvafiq əmri ilə 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov işdən çıxarılıb. Səhiyyə Nazirliyindən bunun səbəbi kimi A.Rəsulovun yaş həddi ilə əlaqədar əmək müqaviləsinə xitam verildiyi göstərilib. Lakin cəmiyyətdə və sosial şəbəkədə nazirin bu addımın münasibət birmənalı deyil. Baş həkimin məhz nüçə gün əvvəl xəstəxanaya yerləşdirilmiş 3 saylı Uşaq Evindəki qanunsuzluqlar barədə şikayətini bildirən yeniyetmə Məhəmməd Hacıyevin xəstə olmaması ilə bağlı dünən verdiyi açıqlama ilə əlaqələndirirlər. Müzakirələrdə bu fikir də səsləndirilir ki, 3 saylı Uşaq Evinin direktoru 73 yaşlı Məhbubə Hüseynovanın özü taqüdə getməli olduğu halda, "hamisi"nin əli ilə 68 yaşlı A.Rəsulovun işdən çıxarılmasına nail olub.

Redaktor.az məsələ ilə bağlı Səhiyyə Nazirliyinin münasibətini öyrənməyə çalışdı.

Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı Elvin Hacıyev bildirdi ki, bu barədə rəsmi məlumatlar var və artıq heç bir əlavə etməyə ehtiyac duymur.

Müzakirələrlə bağlı Elvin Hacıyeva xatırlatdıqda isə o dedi ki, rəsmi məlumatdan əlavə bir söz deyə bilməyəcək.

Həmidə İbrahimli