Nazir müşaviri Xəzərin səviyyəsinin aşağı düşməsindən DANIŞDI

 17:26 05.04.2023     498

Xəbər verdiyimiz kimi, Xəzər dənizinin Qazaxıstan hissəsində lentə alınan qorxunc görüntülər yayılıb. Video qazaxıstanlı bloger Azamat Sarsenbayev tərəfindən çəkilib. Videoda dənizin həddindən artıq dayazlaşdığı görünür. Kadrların Qazaxıstanın Xəzər sahilində yerləşən Manqiştau bölgəsində çəkildiyi bildirilir.

Bəs, bu hal Xəzərin Azərbaycan hissəsində də baş verə bilərmi?

Məsələ ilə bağlı Redaktor.az-a danışan ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirdi ki, Xəzər dənizində suyun səviyyəsi azalması təkcə bir ölkədə olmur.

"Dəniz yeganə vahid dənizdir. Sadəcə olaraq sahilin relyefindən, maillik dərəcəsindən asılı olaraq müəyyən qədər suyun azalması, səviyyənin aşağı düşməsi müxtəlif sahil ərazilərində müxtəlif cür özünü göstərir. Yəni ki, bir yerdə su dənizə doğru gedir 10 metr, o biri yerdə 100 metr gedir və sair. Xəzərin səviyyəsi qalxanda da, sahil ərazilərin su basması da, yenə də sahil ərazilərin relyefindən, maillik dərəcəsindən asılı olaraq bəzi yerdə bir metr səviyyənin qalxması 100 metr enində quru sahəsinin su altında qalmasına səbəb olur. Qazaxıstan tərəfdən maillik səviyyəsi elədir ki, bir metr qalxanda kilometrlərlə quruya tərəf su hərəkət edə bilər", - deyə nazirlik rəsmisi qeyd etdi.

Həmidə İbrahimli