Bakının bu küçəsində özbaşınalıq - Yol polisindən AÇIQLAMA

 20:07 07.04.2023     1629

Məlum olduğu kimi Bakının müxtəlif yerlərində avtomobillərin parklanması ilə bağlı problemlər yaşanır. Bəzi küçələrdə maşınlar 2-3 cərgə sira ilə düzüldüklərinə, səkiləri belə tutduqlarına görə piyadalar yolun içi ilə getməyə məcbur olur.

Belə küçələrdən biri də paytaxtın Nərimanov rayonu ərazisindəki Əhməd Rəcəbli küçəsidir. "Şəki dairəsi" kimi tanınan ərazidən Dərnəgül istiqamətinə kimi binaların qarşısındakı səkilər belə zəbt olunub. Bir tərəfdən iaşə müəssisələri, otellər (məsələn, "Opera" oteli), firmalar, kafelər nəinki səkilərə, hətta avtomobil yoluna qanunsuz olaraq dibçəklər düzür, digər tərəfdən sürücülər onsuz da dar olan yolda bir neçə cərgədə maşın saxladıqlarına görə, piyadaların hərəkətinə maneçilik yaradılır. Bu da təbii ki, piyadaların həyatı üçün də təhlükə deməkdir. 

Əlavə edək ki, Əhməd Rəcəbli küçəsində dayanma-durma qaydasının pozulması təkcə piyadaların yox, həmçinin avtomobillərin keçidinə də mane olur.

Bəs, bu cür qayda pozuntularına yol polisi niyə nəzarət etmir?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Bakı şəhər Dövlət Yol Polis idarəsinin sözçüsü, polis mayoru Araz Əsgərlinin sözlərinə görə, yol polisinin ən çox nəzarət etdiyi məsələlərdən biri də parklanma, dayanma-durma qaydasının pozulması ilə bağlıdır:

“Sonuncu qanun dəyişikliyindən sonra artıq kameralar vasitəsilə avtomatik rejimdə qayda pozuntularının nəzərə alınması üçün mümkün hüquqi çərçivə bazası yaradılıb. Protokollar da dayanmadan tərtib olunur. Nəzarət etmək dedikdə, buna prokotol yazmaqdan başqa, hansısa tədbir görmək mümkün deyil. Heç kimin avtomobilini götürüb evakuasiya etmək, başqa sərt tədbirlər görmək olmaz. Qanunsuz yerdə saxlayıbsa, ona İnzibati Xətalar Məcəlləsinin 346.1 və ya 346.2 maddələri ilə protokollar tərtib olunur. Kimsə bu protokollar tərtib olduğu halda, yenə də gəlib həmin yerdə saxlayırsa, bu, artıq onun məsuliyyətsizliyidir”.

Polis mayoru qeyd etdi ki, Azərbaycanda yazılan ən çox protokollardan birincisi dayanma-durma ilə bağlıdır.

“Bakı şəhərinin ən böyük problem bu dayanma-durma problemidir. Prokotol çox yazılır və insanların böyük bir hissəsi narazılıq bildirir ki, niyə yazılır, niyə bu cürdü və sair. Yazılmayanda isə deyillir ki, niyə yazılmır. Bütün bunlara baxmayaraq biz öz qanuni işimizi görürük. Protokollar da qanun çərçivəsində tərtib olunur. Avtomobili cərimə meydançasına qoymaqdan ötrü İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsində göstərilən hallardan biri olmalıdı. Hər maşını aparıb cərimə meydançasına qoymaq olmaz” - deyə Araz Əsgərli bildirdi.

Arzu İSMAYIL

2222222