Vətən torpağı azad olunsun deyə, canından keçdi - VİDEO

 16:04 02.04.2023     274

Vətən torpağı azad olunsun deyə, o da canından keçib. Söhbət 2016-cı ilin Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan Bəxtiyar Rafayıl oğlu Hüseynovdan gedir.

O, 14 iyul 1995-ci ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində doğulub. Kiçik yaşlarından idmana, hərbiyə olan sevgisi onu hərbçi peşəsinə yiyələnməyə sövq edib. Bəxtiyar Hüseynovun bu sevgisi, marağı, həqiqi hərbi xidmət müddətində nümunəvi xidməti, nizam-intizamı, komandanlığın əmirlərini vaxtinda və dəqiq yerinə yetirməsi, fiziki-mənəvi göstəriciləri nəzərə alınaraq, gizirlik kurslarına cəlb edilib.

Kursu müvəfəqiyyətlə bitirdikdən sonra kiçik gizir hərbi rütbəsində Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsində xidmətə başlayıb. 2016-cı ilin Aprel döyüşlərində Bəxtiyar Hüseynov xüsusi təyinatlı qüvvələrin giziri kimi Tərtər rayonunun Talış kəndi istiqamətində düşmənə sarsıdıcı zərbələr endirib. Aprelin 3-də növbəti döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb.

Aprelin 9-u şəhidimiz doğulduğu Goranboy rayonunun Qızılhacılı qəsəbəsində son mənzilə yola salınıb. Göstərdiyi qəhrəmanlığa görə, Bəxtiyar Hüseynov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalına layiq görülüb.

Hal-hazırda doğulub boya-başa çatdığı küçə Bəxtiyar Hüseynovun adını daşıyır. Doğmaları, vaxtilə yaşadığı qəsəbənin sakinləri, hərbçi yoldaşları Bəxtiyarın qorxmaz, igid, cəsur hərbçi olduğunu xatırlayırlar.

 

 

 

 

(baku.tv)