Qənirə Paşayeva Aqil Abbası təbrik etdi

 16:13 11.04.2023     296

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deputat, tanınmış yazıçı-publisist, “Ədalət” qəzetinin təsisçisi, Əməkdar jurnalist Aqil Abbası 70 illik yubileyi münasibəti ilə təbrik edib.

Redaktor.az xəbər verir ki, Aqil Abbasın ədəbiyyatda, jurnalistikada, o cümlədən özünün təsisçisi olduğu “Ədalət” qəzetində uzunmüddətli, səmərəli xidmətlərini xatırladan komitə sədri, 70 illik yubileyi münasibəti ilə ona Turan motivli xatirə hədiyyəsi və Mədəniyyət Komitəsi adından Təbrik məktubu təqdim edib. Təbrik məktubunda yubilyarın yazıçı, jurnalist və Millət vəkili olaraq fəaliyyətinin ən önəmli məqamlarına vurğu edilib:

“Siz bədii yaradıcılığa ötən yüzilliyin 70-ci illərində başlamısınız. İlk dəfə 1976-cı ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunan “Şirinlik” hekayəsi ilə oxucuların görüşünə gəlmisiniz. Ədəbi ictimaiyyətin maraqla qarşıladığı hekayələriniz dövri ədəbi nəşrlərdə davamlı olaraq gün üzü görüb. 1983-cü ildə “Yazıçı” nəşriyyatında nəfis şəkildə gün üzü görən “Evləri köndələn yar” kitabınızın da taleyi uğurlu olub. “Ən xoşbəxt adam”, “Batmanqılınc”, “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”, “Qiyamət günü”, “Qar üstündə qan çiçəyi”, “Allahı qatil edənlər”, “Saçın ucun hörməzlər”, “Ən uzun dərdli hekayə”, “Dolu” kimi kitablarınız Sizə geniş oxucu auditoriyası və yazıçı şöhrəti qazandırıb. Əsərləriniz qardaş Türkiyədə, eləcə də doğma Təbrizdə gün üzü görüb. “Dolu” romanınız Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Qızıl kəlmə” mükafatına layiq görülüb; ayrıca, bu əsər əsasında film çəkilib, həmin film “Humay” mükafatına layiq görülüb.

Siz 1976-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib müəllim kimi əmək fəaliyyətinə başlamısınız. “Elm və həyat” jurnalında, o vaxtkı “Sovet kəndi” qəzetində şöbə müdiri vəzifəsində çalışmısız. 1990-cı ildən gün üzü görən “Ədalət” qəzetinin baş redaktoru kimi fəaliyyətiniz özəlliklə vurğulanmalıdır. Siz öz fəal mövqeyi ilə seçilən ictimai xadimsiniz. İlk dəfə 2005-ci ildə olmaq etibarı ilə ard-arda dörd çağırış Milli Məclisə üzv seçilmisiniz. Ədəbi və ictimai xidmətləriniz yüksək qiymətləndirilib, 1988-ci ildə o dövrkü respublika gənclər mükafatına, sonrakı illərdə bir sıra ictimai mükafatlara, 2005-ci ildə “Əməkdar jurnalist” fəxri adına, 2012-ci ildə “Şöhrət” ordeninə, 2022-ci ildə Qarabağ mövzusunda əsərlərə görə Azərbaycan Yazıçılar Birliyinin İlyas Əfəndiyev mükafatına layiq görülmüsünüz.

Sizi 70 illik yubileyiniz yaradıcılıq uğurlarınız münasıbəti ilə bir daha təbrik edir, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirəm”!

Yubilyar təbrik və xoş sözlər üçün komitə sədrinə təşəkkür edib.