Xəzər suyundan kənd təsərrüfatında da istifadə etmək olarmı?

 15:54 14.04.2023     4888

Xəbər verdiyimiz kimi, aprelin 12-də Prezident İlham Əliyev "Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında" Sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihə həyata keçiriləcək.

Bəs, bu sərəncamın imzalanmasının nə kimi əhəmiyyəti olacaq? Gələcəkdə Xəzər dənizi ətrafında yerləşən rayonlarda əkin sahələrinin suvarılması üçün də dəniz suyunun duzsuzlaşdırılması mümkündürmü?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirdi ki, Prezidentin imzaladığı sərəncam dövrün reallıqlarını, həm də mövcud vəziyyəti özündə əks etdirir.

Onun sözlərinə görə, bu gün nəinki dünyada, Azərbaycanda da, istər əkin suyuna, istərsə də içməli suya çox ciddi ehtiyac duyulur:

"Ona görə də vacib olan bütün tədbirlərin görülməsi nəzərdə tutulur. Bu baxımdan dəniz suyunun duzdan azad edilməsi və içməli su kimi istifadə olunması haqqında pilot layihənin həyata keçirilməsi ilə əlaqədar cənab Prezidentin imzaladığı sərəncam həqiqəti əks etdirmək, həm də bu sahədə olan çətinlikləri aradan qaldırmaq baxımından vacib və əhəmiyyətlidir. Bir çox xarici ölkələrin təcrübəsi var. Onlar bu üsulla müəyyən göllərin, dənizlərin suyunu saflaşdırırlar və onu içməli su, eləcə də əkin suyu kimi müəyyən qaydada istifadə edirlər".

Tahir Rzayev qeyd etdi ki, əgər bu pilot layihəsi uğurla nəticələnərsə və dəniz suyundan içməli su kimi istifadə edilməsi uyğun olarsa, gələcəkdə müəyyən sahələrin də dənizətrafı rayonlarda yerləşən əkin sahələrində dəniz suyundan təmizləndikdən sonra istifadə olunması reallığa çevrilə bilər.

"Bu, çox mühüm bir pilot layihəsi olacaqdır. Çünki bu gün dünyadakı çətinliklər, suya olan tələbat həmin problemlərin qarşısının alınması üçün vacib olan bir tədbirə çevriləcəkdir. Bilavasitə insanların içməli suya olan tələbatının aradan qaldırılması baxımından vacib olan layihədir və arzumuz budur ki, uğurla həyata keçirilməsi mümkün olsun", - deyə komitə sədri əlavə etdi.

Su problemləri üzrə ekspert Rövşən Abbasov isə öncə qeyd etdi ki, Azərbaycanda bu ilk irimiqyaslı pilot layihə olacaq.

Onun sözlərinə görə, indiyə qədər ölkəmizdə dəniz suyunun şirinləşdirilməsi ilə bağlı müxtəlif fəaliyyətlər həyata keçirilib:

"Salyan rayonunda yaşıllıqların suvarılmasında istifadə olunan bir sistem qurulmuşdu. Bundan sonra bizim adalarda neftçilər üçün belə sistemlər qurulmuşdu. Neft daşlarında belə sistemlər vardı, amma onlar daha çox texniki məqsədlərlə istifadə olunurdu. Onu deyim ki, indi biz elə bu sahədə tələbələrimizlə bir yerdə araşdırma aparırıq. Bir litr şirin su üçün təxminən iki-üç litr dəniz suyu tələb olunur. Xəzər dənizi üçün iki litr, təxminən götürülən suyun 50 faizə qədəri gedir. Amma bunun xəttləri digər sularla müqayisədə kifayət qədər yuxarıdır. Ona görə də şirinləşdirilən su daha çox içməli su məqsədləri üçün istifadə olunması məqsədəuyğun hesab olunur. Yəni bunu kənd təsərrüfatında əlbəttə ki, istifadə etmək olar. Amma iqtisadi baxımdan çox effektiv sistem olmalıdır ki, orada itkilərə yol verilməsin. Burada ənənəvi suvarmanı şirinləşdirilmiş dəniz suyu ilə həyata keçirmək qətiyyən mümkün deyil. Ancaq bəzi yerlərdə damcılı suvarma ilə kənd təsərrüfatı işlərini görmək olar".

Ekspert əlavə etdi ki, alternativ su mənbələrindən istifadə Azərbaycanda ilk addımdır.

"Sərəncamda pilot sözü də işlənib. Pilot, yəni yoxlama, sınaq mənasına gəlir. Yəni bunun nəticələrini daha iri miqyasda tətbiq etmək olar, yoxsa yox?" - deyən R.Abbasova görə, nəticələr məlum olduqdan sonra duzsuzlaşdırılmış su ilə əkin sahələrinin də suvarılmasının mümkünlüyü barədə dəqiq fikirlər bildirmək olar.

Həmidə İbrahimli