“Torpaq icarəsi haqqında” qanuna dəyişiklik edildi

 12:38 14.04.2023     550

Prezident İlham Əliyev “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

Redaktor.az xəbər verir ki, “Torpaq icarəsi haqqında” qanuna aşağıdakı dəyişikliklər edilib:

1. 10-1.1-ci maddənin birinci cümləsində “ərizə” sözü “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə elektron ərizə (bundan sonra - ərizə)” sözləri ilə əvəz edilsin.

2. 10-1.3.2-ci maddəyə “orqana (quruma)” sözlərindən sonra “informasiya sistemi vasitəsilə” sözləri əlavə edilsin.

3. 10-1.4-cü maddədə “təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir” sözləri “informasiya sistemi vasitəsilə təqdim edir” sözləri ilə əvəz edilsin.

4. 10-1.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“10-1.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 10-1.3.2-ci maddəsinə əsasən razılıq alınması üçün təqdim olunan müraciətə və ona əlavə olunan sənədlərə informasiya sistemi və dövlət torpaq kadastrının məlumatları əsasında 15 gün müddətində baxaraq dövlət torpağının icarəyə verilməsinə razılıq verir və ya həmin müraciət və əlavə olunan sənədlər qeyd olunan məlumatlarla uyğunsuzluq təşkil etdikdə dövlət torpağının icarəyə verilməsinə razılıq vermir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) icarə müqaviləsinin bağlanmasına razılıq verilməsindən imtina barədə qərarı imtina hallarına istinad edilməklə əsaslandırılmalıdır.”.

5. 23-cü maddənin birinci hissəsinin səkkizinci abzası doqquzuncu abzas hesab edilsin və aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin:

“icarəyə götürülmüş dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin istifadəsi, keyfiyyətinin yaxşılaşdırılması, qorunması və mühafizəsi barədə görülən işlərə dair informasiya sisteminə məlumat təqdim etmək;”.