Ermənistanda saxlanılan əsgərlərimizə cinayət işi BAŞLANDI

 13:06 17.04.2023     496

İrəvan ümumi yurisdiksiya məhkəməsi Naxçıvandan sərhədi keçərək Ermənistan ərazisinə keçən iki azərbaycanlı əsgərin həbsi barədə qərar verib.

Redaktor.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, Ermənistan Baş Prokurorluğunun yaydığı məlumata görə, Aqşin Bəbirov və Hüseyn Axundov barəsində cinayət məcəlləsinin bir sıra maddələri ilə cinayət işi başlanıb. Onlar bir qrup şəxs tərəfindən qabaqcadan razılaşdırılaraq dövlət sərhədini qanunsuz keçməkdə, silah-sursatın qaçaqmalçılığında və qanunsuz dövriyyəsində ittiham olunurlar.

Qeyd olunub ki, nəzarət qurumu cinayət işinin istintaqının gedişi barədə ictimaiyyətə vaxtaşırı məlumat verəcək. Bundan əvvəl hüquq müdafiəçisi Anahit Manasyan istintaq təcridxanasında Azərbaycan əsgərlərinə baş çəkib.

Xatırladaq ki, aprelin 10-da Azərbaycan Müdafiə Nazirliyi Naxçıvanda iki hərbçinin azaraq itkin düşməsi barədə məlumat yayıb. Onlardan biri aprelin 10-da Sisianın (Ermənistanın Sünik rayonu) Bnunis kəndi yaxınlığında aşkar edilərək saxlanılıb. Aprelin 13-də Naxçıvandan sərhədi keçən ikinci Azərbaycan əsgəri Ermənistanın Sünik rayonunda saxlanılıb. 

Sosial şəbəkədə ermənilərin saxlanılan əsgərlərimizə verdiyi işgəncənin görüntüləri yayılıb.

Turan İSMAYIL