ANAMA ilə “Azərişıq” əməkdaşlığa start verdi
Minatəmizləmə Agentliyi (ANAMA) “Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə” (PSTM) istiqamətində digər qurumlarla birgə fəaliyyətini davam etdirir.
Redaktor.az xəbər verir ki, bu sahədə növbəti əməkdaşlıq “Azərişıq” ASC tərəfindən maarifləndirmə fəaliyyətinə verilən töhfədir.
Belə ki, “Azərişıq” ASC tərəfindən abonentlərə təqdim olunan enerji istehlakına dair bildiriş qəbzlərinin arxa hissəsində ANAMA ilə razılaşdırılmış xəbərdaredici və maarifləndirici məlumatların çap edilməsinə başlanılıb.
Bildirilib ki, qeyd olunmuş xəbərdaredici qəbzlər Şuşa, Ağdam, Füzuli, Beyləqan, Xocavənd, Ağcabədi, Goranboy, Göygöl, Daşkəsən, Zəngilan, Laçın, Kəlbəcər, Cəbrayıl, Qubadlı, Tərtər və Bərdə rayonlarını əhatə edəcəkdir:
"Ümumilikdə müharibədən sonrakı dövrdə 393 000-dən çox insan ANAMA PSTM fəaliyyətindən faydalanmışdır. Həmçinin, dövlət qurumları və özəl müəssisələrin mütəxəssisləri üçün “Təlimçilərin Təlimi” maarifləndirmə proqramı davam etməkdədir. Qeyd edək ki, ötən ildən etibarən Beyləqan, Füzuli, Zəngilan və Göygöl ərazilərində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqələrində təqdim olunan ödəniş qəbzlərinin üzərində “Səni evdə gözləyən var. Minalar barədə məlumatlı ol, həyatını təhlükəyə atma!” mesajları yayımlanır. Daha çox insanın təhlükədən qorunması məqsədilə partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə istiqamətində yeni əməkdaşlıqlar çərçivəsində səylərimizi birləşdirməyə dəvət edirik. Qurumlararası birgə fəaliyyət minlərlə insan həyatının təhlükəsizliyinə zəmin yaradır", - məlumatda qeyd edilib.