"Dövlətin qərarlarına qarşı çıxan məscid imamları sərt cəzalanmalıdır" - Deputat

 09:49 22.04.2023     653

"Aprelin 21-də Azərbaycan xalqı İslamın iki müqəddəs bayramlarından biri olan Ramazan bayramını qeyd etdi. Təəssüf ki, hər Ramazan olduğu kimi, bu il də bir sıra dini qruplar bayramın ayın 21-i yox 22-i olduğunu israrla təbliğ etməyə, insanlar arasında nifaq salmağa çalışdılar".

Redaktor.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov bəzi insanların Ramazan bayramı ilə bağlı təxribatından danışarkən bildirib.

"Təəssüf ki, bunların içərisində məscidlərimizdə imam çalışan, dövlətdən maaş allan din xadimləri və məscidlərimiz də var idi",- deyən millət vəkili əlavə edib ki, bu fətvanın və təlimatın haradan gəldiyi aşkar məlumdur:

"Əslində isə vəziyyət belə idi. Artıq aprelin 20-dən insanlarımız böyük çaşqınlıq içində idilər. Bir ay səmimiyyətlə oruc tutan, Allah dua edən insanlarımız pərişan halda etibar etdiyi ilahiyyatçılara din xadimlərinə zəng edərək "Sabah oruc tutaq yoxsa tutmayaq?" sualını verirdi.

Dinimizə görə bir müsəlman ölkəsində ay görünsə və ya bayram gün qeyd olunsa bütün müsəlmanlar həmin gün bayram günü kimi qeyd edə bilərlər. Eyni zamanda dinimiz hər birimizdən dövlətimizin qərarlarına hörmətlə yanaşmağı tələb edir. Bu məsələnin şəri tərəfi."

C.Məmmədov qeyd edib ki, dinimizə görə bayram gün oruc tutmaq, müsəlmanların birlik və həmrəyliyini pozmaq, insanlar arasında fitnə-fəsad salmaq  böyük günah sayılır.

"Özünü mömin və müsəlman adlandıran bu insanlar möminlərə hardansa gələn təlimata görə bayram gün oruc tutdurduqlarına, müsəlmanların birlik və həmrəyliyini pozduqlarına görə Allah qatında necə cavab verəcəklər? Allahın qarşısına necə çıxacaqlar? Hesab çox ağır olacaq",- deputat vurğulayıb.

Millət vəkili aidiyyəti qurumların bu məslə ilə bağlı sərt mövqeyinin olmaması və qərarlar qəbul etməməsindən narazılığını da dilə gətirib:

"Onlar bu məsələyə yenə seyrçi qalaraq bir sıra hallarda onsuz da hər il belə olur deməklə kifayətləndilər. Azərbaycan dindarı isə həm Qafqaz Müsəlmanları İdarəsindən həm də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bu məsələ ilə bağlı daha sərt mövqe və qərarlar gözləyirdi. 

Eyni zamanda düşünürəm ki, bayramdan sonra dövlətin, Qafqaz Müsəlmanları İdarəsinin qərar və fitvasına zidd olaraq bayramın ayın 21-i yox, 22-i olduğunu israrla bildirən məscid imamları ilə bağlı çox sərt qərarlar qəbul edilməli, belə adamların məscidlərimizdə dini fəaliyyətlə məşğul olmasının qarşısı alınmalıdır".

Həmidə İBRAHİMLİ