"Azərbaycanın Laçın-Xankəndi yolunda DSX-nın nəzarət-buraxılış məntəqəsəni qurması ölkəmizin suveren hüququdur"

 12:50 24.04.2023     472

"Heç şübhəsiz ki, Azərbaycanın Laçın-Xankəndi yolunda DSX-nın nəzarət-buraxılış məntəqəsəni qurması ölkəmizin suveren hüququdur. Onsuz da 12 dekabr 2022-ci ildən etibarən etiraz aksiyasının başlanması ilə yola nəzarəti Azərbaycan həyata keçirirdi. 
Onu da qeyd edək ki, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın müddəalarına zidd olaraq, Qanunsuz erməni hərbi birləşmələri yoldan hərbi məqsədlər, o cümlədən minaların daşınması üçün istifadə edir, Azərbaycanın talan olunan təbii sərvətlərini bu yolla daşıyırdı".

Redaktor.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycanın Laçın-Xankəndi yolunda DSX-nın nəzarət-buraxılış məntəqəsəni qurmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Vətən Müharibəsindən sonrakı dövrdə 300 Azərbaycan vətəndaşının minaya düşməsi bu fikri bir daha təsdiq edir:

"Məhz bunun nəticəsidir ki, indi Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində 10.000 nəfərdən ibarət şəxsi heyəti olan ordu yaradılıb, davamlı mina terroru və diversiyalalar törədilir. Məlum olduğu kimi, Azərbaycan yaxın vaxtlarda işğaldan azad olunmuş ərazilərə mülki insanlar köçürəcək. Ermənilərin Laçın yolundan sui-istifadə etməsi halında mülki insanlarımızın həyatı üçün hər zaman təhlükələr yarana bilər və vəziyyətin belə davam etməsi Azərbaycan üçün qəbuledilməz idi. Onu da qeyd edək ki, - Yolda Azərbaycan Respublikası DSX-nın postunun qoyulması yoldan Qarabağda yaşayan mülki ermənilərin istifadəsini məhdudlaşdırmır.  Əksinə qanuni və tənzimlənən gediş-gəliş üçün imkan yaradır". 

Millət vəkilinin sözlərinə görə, Ermənistan bilməlidir ki, separatçılara, revanşistlərə, qanunsuz hərbi birləşmələrə və terrorçulara Azərbaycan ərazilərində yer yoxdur:

"Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın idarəçiliyini qəbul edən ermənilər qalıb yaşaya bilərlər. Separatizm meylləri olanlar isə bu əraziləri tərk edə bilərlər. Onsuz da Praqa və Soçi sənədləri ilə Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb. Bu günlərdə parlamentdə çıxışı zamanı N.Paşinyan bunu bir daha təsdiq etdi. Onu da qeyd edək ki, Ermənistan birtərəfli qayda da Laçın-Xankəndi yolunun üzərində post qurub. Bu halda Azərbaycan da adekvat addım atmalı idi, oturub gözləməli deyildi. Eyni zamanda Qarabağda yaşayan ermənilər Azərbaycan Prezidenti Administrasiyasının təklifini qəbul edib reinteqrasiya məsələri üzrə təmaslara başlamalıdırlar. Nə qədər tez bu proses başlayarsa, o qədər də tez yerli erməni əhali həyat tərzi yaxşılaşar". 

Həmidə İbrahimli