"Jurnalist" binalarının sakinləri niyə marşrutsuz qalıb?

 13:54 26.04.2023     1507

Xəbər verdiyimiz kimi, aprelin 24-dən etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Səbəb isə Formula 1 Azərbaycan Qran Prisinin keçirilməsidir. "Azneft" dairəsində yolun bağlanması isə Bayıl, "20-ci sahə" və Bibiheybət qəsəbəsindən şəhərin mərkəzinə gələn insanların işini çətinləşdirib.

Qeyd edək ki, hazırda həmin ərazilərdən paytaxtın mərkəzinə gəlib-gedən sərnişinlər üçün dövlət şirkəti olan "Baku Bus"a məxsus 5 və 6 saylı marşrut avtobusları fəailiyyət göstərir. Lakin bu avtobusların gediş-gəlişində isə müəyyən gecikmələr yaşanır. Belə ki, "Jurnalist" binalarının və "Kristal Abşeron" binalarının sakinləri marşrutsuz qalıb. Bibiheybət məscidi istiqamətindən 6 nömrəli avtobus 25-30 dəqiqə intervalla Yeni Salyan yolundan qeyd olunan binaların qarşısından keçərək Bakı İdman Sarayının qarşısına kimi gəlir, amma həmin marşrut geri qayıdanda "20-ci sahə"dən keçməklə Bibiheybətə doğru gedir. Yəni sözügedən binaların sakinləri şəhərin mərkəzinə gələ bilərlər, amma evlərinə qayıtmağa isə marşrut yoxdur. Paytaxtın mərkəzinə doğru avtobusun gecikməsi və geriyə qayıtmaq üçün marşrutun ayrılmaması səbəbindən isə sakinlər məcbur olub taksidən istifadə etsələr də, nəticədə buna da bir çox vətəndaşın gücü çatmır. 

Məsələ ilə bağlı Redaktor.az Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladı.

Qurumun mətbuat katibi Mais Ağayev bildirdi ki, hazırda yollar bağlıdır.

"Bilirsiniz ki, məhdudiyyətlər tətbiq olunub. Bu məhdudiyyətlərə görə o biri avtomobillər hara yönləndirilsə, avtobuslar da məcbur həmin küçələrdən keçir. Ona görə bu bir həftə ərzində belə hallar mümkündür. Onunla bağlı biz də məlumat vermişdik ki, hansı xəttlər dəyişəcək və hansı küçələrdən keçməklə hərəkəti təmin olunacaq. Amma yenə də deyirəm yerində qərar qəbul olunur, hansısa bir yol bağlanırsa, bu avtobusluq deyil. Avtobuslar xəttdə var. Sadəcə yolda məhdudiyyət varsa, avtobus gəlib çıxa bilmir. Tıxac varsa, avtobus gecikir. Avtobus xətti təkcə tıxac olmayan yerdən keçmir ki?! Avtobusun keçdiyi digər ərazilərdə tıxac olur. Və yaxud da yollarda dəyişiklik olur. Nəticə etibarı ilə avtobusun intervalı uzanır", - deyə qurum rəsmisi qeyd etdi.

Bakı İdman Sarayından "Jurnalist" və "Kristal Abşeron" binalarının qarşısına nə üçün marşrut ayrılmayıb sualına gəlincə, Mais Ağayev "yollar bağlıdır" cavabını verdi. 

Bakı Nəqliyyat Agentliyinin nəzərinə çatdırırıq ki, əvvala 6 nömrəli marşrutun hərəkət etdiyi yolda heç bir tıxac yoxdur. Çünki "Azneft" dairəsindən şəhərin mərkəzinə yol bağlı olduğu üçün Lökbətan dairəsindən həmin istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb və həmin yoldan çox az sayda avtomobil hərəkət edir. Sıxlıq, tıxac olmayan bir küçədə avtobus necə gecikə bilər?

Qurumun mətbuat katibinin "yollar bağlıdır" cavabına gəlincə, 6 nömrəli avtobusun hazırda hərəkət etdiyi küçədə hansı yol bağlanıb? Mais Ağayevin həmin yoldan xəbəri varmı? Əgər 6 nömrəli avtobus Bibiheybətdən Yeni Salyan yolu ilə Bakı İdman Sarayının qarşısına gələ bilirsə, elə həmin yolu geri qayıdaraq "Kristal Abşeron" və "Jurnalist" binalarının qarşısından keçə bilməz? Axı Bakı Nəqliyyat Agentliyi bu qədər insanı niyə taksiyə pul verməyə, yaxud evlərinə piyada getməyə məcbur edir?

Onu da qeyd edək ki, Formula 1 səbəbindən yolların bağlanmasına qədər yuxarıda qeyd etdiyimiz küçədən 125 və E1 saylı marşrut avtobusları hər iki istiqamətdə hərəkət edirdi.

Həmidə İbrahimli