Bakının mərkəzində Formula 1 yarışlarına nə vaxt son qoyulacaq? - Zahid Orucdan AÇIQLAMA

 17:58 28.04.2023     3551

Məlum olduğu kimi, Bakıda keçirilən Formula 1 yarışına görə Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. “Azneft” dairəsində yolun bağlanması isə Bayıl, “20-ci sahə” və Bibiheybət qəsəbəsindən şəhərin mərkəzinə gələn və həmin istiqamətə işə gedən insanların işini çətinləşdirib. Ümumiyyətlə, nəinki qeyd etdiyimiz ərazinin sakinləri, bütün paytaxt sakinləri bu və ya digər şəkildə Formula 1-ə görə əziyyət çəkir.

Bu məsələ ilə bağlı belə bir təklif var ki, Olimpiya stadionunun yanında "Formula 1" yarışları üçün avtodrom tikilməli, insanlara işgəncə verən, tıxacları dözülməz edən şəhər mərkəzindəki yarışlara bu ildən son qoyulmalıdır. Bu həm insanlar arasında narazılıqların azalmasına, yollardakı çətinliyin aradan qalxmasına səbəb olar, həm də ki, boş sahələr dəyərləndirilər. Eyni zamanda, bu yarışın işğaldan azad olunmuş rayonlarda keçirilməsi də təklif olunur.

Bununla bağlı Redaktor.az-a danışan Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Orucun sözlərinə görə, Bakının həmin ərazisinin seçilməsi Formula 1 Qran Prisinin yarışlarının keçirilməsi ilə bağlı nizamnamə tələblərindən irəli gəlir:

“Bunlar yarışların mərkəzi küçələrdə və döngələrdə olmasını tələb edirlər. Söhbət Bakıdan getmir. Öz namizədliyini verən və iddiaçı olan dövlət bu halda bütün öhdəlikləri üzərinə götürmüş olur. Başqa nümunələr də var. Səhv etmirəmsə, 10 belə yarış mərkəzi küçə və meydanlarda, yerdə qalanlarsa, digər yerlərdə keçirilməlidir. Söhbət Azərbaycandan getmir. Bu həmin qurumun beynəlxalq aləmə yayımladığı əsas prinsipləri və meyarlarından gedir”.

Komitə sədrinin fikrincə, əhalinin və nəqliyyatın yetərincə sıx olduğu yollarımızın kifayət qədər dar bir vəziyyətində, kiçik bir qapanma, yaxud başqa bir tədbir görülməlidir.

“Hətta adicə təmirə dayandığı şəraitdə biz fizikanın məşhur birləşmiş qablar qanununun işə düşdüyünü görürük. Yəni bir yer qapanırsa digər yerlərə ağırlıq, axın daha çox gedir və bu, avtomatik olaraq sıxlıq yaradır. Ümumən pandemiya başlayandan sonrakı mərhələdə biz insanlarımızın nəqliyyat vasitələrindən istifadəsi şəraitində şəhərin müxtəlif ərazilərində Formula 1-siz belə ciddi problemlərin yaşandığını görürük. Dərhal kimsə deyə bilər ki, Londonda, Parisdə, Moskvada, hətta İstanbulda və Türkiyənin bir sıra aparıcı sənaye şəhərlərində saatlarla çəkən tıxaclar, oxşar vəziyyətlər var. Bu, çox ciddi bir problemdir. Burda intelektual idarəçilikdən tutmuş maşın nömrələri, xüsusi həftənin günləri və sair kimi müxtəlif modellər tətbiq olunur ki, tənzimləsinlər, amma sona qədər olmur” - deputat qeyd etdi.

Zahid Oruc “Formula 1” yarışlarının müxtəlif yerlərdə keçirilməsi ilə bağlı təkliflər haqqında danışdı:

“Birincilər deyir ki, “Formula 1” yarışı məhz Olimpiya stadionu çevrəsində keçirilsin. İkincilər bunu azad torpaqlarda təklif edirlər, ordaa olması imkan verərdi ki, Azərbaycanın həmin əraziləri dünyaya təqdim olunsun. Üçüncülərin başqa xarakterli baxışı var. Əlbəttə ki, bunlar təşkilat komitəsi tərəfindən dəyərləndirilməlidir. Onlar yaşanan gərginliyin fərqindədirlər. Amma iki gün öncə, Təşkilat Komitəsinin rəhbərliyi ikinci və üçüncü yolları var idi ki, orada da müəyyən məhdudiyyətlər tətbiq edilmişdi, artıq onlar daşındılar və nisbətən güzəştli mövqe seçdilər. Bu, özlüyündə həmin sosial, mənəvi, həmçinin də elə nəqliyyat sıxıntısı doğuran problemləri bir qədər azaltmaq baxımından düzgün addım oldu".

Millət vəkili əlavə etdi ki, şəhərin məhz həmin ərazisində yaşayır və o mühiti bilavasitə insan kimi müşahidə edir.

“Məsələ ilə bağlı gələcəkdə fərqli tənzimləmə qərarları verilə bilər. Bu yarışların Azərbaycanda keçirilməsi mövqeyi seçilərkən ölkəmizin, Bakının tanınması, bu elitar yarışın bizdə keçirilməsinə rəğmən bir İslam ölkəsinin sivil bir dünyanın tərkib hissəsi olması və sair amilləri seçilmişdi. Ancaq bunun ikinci tərəfi də var. Düşünürəm ki, media monitorinqini aparan qüvvələr sözügedən məqalələri, açıqlamaları, yanaşmaları, çağırışları, sadə vətəndaşların rəylərini geniş analiz edəcəklər və qarşıdakı dövrdə bu məsələ ilə bağlı daha optimal qərarlar çıxaracaqlar”,- deyə Zahid Oruc bildirdi.

Arzu İSMAYIL