"Laçın-Xankəndi yolundakı aksiya gələcəkdə də davam etdirilə bilər" - Deputat

 18:28 28.04.2023     403

Xəbər verdiyimiz kimi, ötən ilin dekabrın 12-dən azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdikləri dinc aksiya bu gün başa çatıb. Aksiya iştirakçılarının bu addımına səbəb isə aprelin 23-də Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazisində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulması ilə əlaqədar yeni vəziyyətin yaranması olub.

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov hesab edir ki, bu aksiyalar gələcəkdə də davam etdirilə bilər.

"Bilirsiniz ki, bu aksiya ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilirdi. Mənim şəxsi fikrimə gəldikdə, hesab edirəm ki, bu aksiyalar davam etdirilə bilər. Nə üçün davam etməlidir? Bu aksiyaların keçirilməsinin bir neçə məqsədi var. Bu məqsədlərdən biri Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, sərvətlərimizin talan olunmasına etirazdır. Və eyni zamanda Qarabağda yaşayan ermənilərə də sülhə və birgə yaşayışla bağlı müəyyən mesajların verilməsidir. Düşünürəm ki, gələcəkdə yenə bu aksiyalar davam etdirilə bilər. Bu, prosesdən, vəziyyətdən asılıdır", - deyə millət vəkili vurğuladı.

Həmidə İbrahimli