138 gün ərzində Laçın yolundan neçə avtomobil keçib?

 23:59 28.04.2023     374

Ötən il dekabrın 12-dən başlayan dinc ekoaksiyanın müvəqqəti dayandığı günə qədər – aprelin 28-dək Rusiya sülhməramlılarına, həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Laçın-Xankəndi yolunda maneəsiz hərəkəti tam təmin edilib.

Redaktor.az "Azərtac"a istinadən xəbər verir ki, bunu aksiyanın davam etdiyi 138 gündən bəri yoldan keçən avtomobillərin sayı da təsdiqləyir.

Belə ki, dinc ekoloji aksiyanın davam etdiyi aylar ərzində Rusiya sülhməramlılarına və BQXK-ya məxsus 8200-dən çox avtomobil Laçın-Xankəndi yolundan maneəsiz keçib.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətməyiblər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları, təminat avtomobillərini buraxmadıqları barədə xəbərlər isə sadəcə, qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəalların Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən başlayan dinc aksiyası bu gün saat 18:00-dan müvəqqəti dayandırılıb. Buna səbəb Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulması ilə əlaqədar yeni vəziyyətin yaranmasıdır.