Ermənilər sərhəddən hansı pasportla buraxılırlar? - AÇIQLAMA

 18:11 01.05.2023     920

Məlum olduğu kimi, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsi artıq fəaliyyətə başlayıb. Qarabağda yaşayan erməni vətəndaşlar keçid məntəqəsindən yoxlanılaraq buraxılır. Ancaq həmin şəxslərin hansı pasportla, yəni Ermənistan Respublikasının, yaxud qondarma "DQR" pasportu ilə sərhəddən buraxıldıqları hələlik açıqlanmayıb.

Milli Məclisin deputatı Elman Məmmədov mövzu ilə bağlı fikirlərini Redaktor.az-la bölüşüb.

Deputat dedi ki, ermənilərin sərhəddən hansı qaydalarla buraxılmaları vacib məsələdir:

"Ermənistanla biz müharibə vəziyyətindəyik. Buna görə Ermənistan vətəndaşları bizim ərazimizə buraxıla bilməzlər. Hələ də cibində seperatçı, qondarma rejimin sənədlərini gəzdirən ermənilər o sənədlə buraxılmamalıdırlar. Ancaq Azərbaycan vətəndaşına məxsus olan sənədlə sərhəddən keçməlidirlər. Vəziyyətlə əlaqədar olaraq hələlik Qarabağda yaşayan erməni və cinəyatkar olmayan birini sərhəddən buraxırlar. Bu proses uzun müddət davam etməyəcək. Bizim ərazimizdə kimsə yaşayırsa, vətəndaşımız olmalıdır. Vətəndaşlığımızı qəbul etməlidirlər, əks təqdirdə sərhəddən yalnız Ermənistan istiqamətində buraxılacaqlar və geri dönə bilməyəcəklər".

E.Məmmədovun sözlərinə görə, yaxın vaxtda bu məsələlər həll yolunu tapacaq.

"Əsas məsələ o idi ki, biz Azərbaycan-Emənistan arasında sərhəd-keçid məntəqəmizi qoyduq. Günahsız ermənilər də rahatlıqla sənədini təqdim edib sərhədi keçir, ancaq bu sənədlər müvəqqətidir", - deyə millət vəkili qeyd etdi.

Humay İSGƏNDƏRLİ