Qənirə Paşayeva televiziyalara çağırış etdi

 15:50 03.05.2023     951

"Bizim mədəniyyət coğrafiyamız respublikamızın rəsmi hüdudlarından dəfələrlə genişdir və dünya azərbaycanlılarının gözbəbəyi olan Azərbaycan Respublikasının TV-ləri, radioları bu mühüm məqamı, fərqi öz proqram siyasətlərində daha çox əks etdirməlidir".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva TV-lərə çağırış edərkən deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycandan kənarda yaşayan soydaşlarımızın bir çoxu latın qrafikalı əlifbanı oxuya bilmir:

"Çünki onlar yaşadığı ərazilərdən asılı olaraq fərqli amillər səbəbindən bu əlifbanı öyrənməkdə çətinliklər çəkib və belə çətinliklər davam edir. Ancaq evlərində, ailələrində danışıq dili Azərbaycan dilində olduğundan məhz veriliş və proqramları izləyə bilirlər. Yəni daha çox bilgiləri TV və radiolardan alırlar. Azərbaycanın dövlət sərhəddindən kənarda yaşayan soydaşlarımız bunu nəzərə alaraq, Azərbaycan dilini öyrədən verilişlərin olmasını istəyir ki, dünya azərbaycanlıları ana dilini məişət səviyyəsində deyil, daha yüksək tələblərə cavab verən şəkildə öyrənə, ən vacibi, yaza, tətbiq edə bilsinlər.

Bu, yalnız İTV ilə bağlı məsələ deyildir, əlbəttə; biz ümumi dəyərləndirmə apardıq və televiziyalarımızın İranda yaşayan soydaşlarımızla, Güney Azərbaycanla, doğma dilimiz, adət-ənənələrimizlə bağlı güneylilərə, dünya azərbaycanlılarına ünvanlanmış proqramlarla daha çox çıxış etməsini tövsiyə edirik.

Bəli, İrandan – Güney Azərbaycandan olan aydınlarımızın ən çox vurğuladığı məsələ odur ki, onların folkloru, mədəni gerçəklikləri verlişlərə mövzu olsun, dillə, etnoqrafik gözəlliklərlə bağlı proqramlar olsun.

Bundan daha irəli, başqa mühüm problem: onların ümumazərbaycan mədəniyyəti ilə bağlı sistemli bilgilərə, maarifləndirməyə ehtiyacı vardır. Onların çox böyük yaradıcılığı var, bu yöndə layihələr, proqramlar, verlişlər hazırlanmalıdır. Çünki bu insanlar bütövlükdə Azərbaycan ədəbiyyatına xidmət edirlər. Yaxud Borçalı olsun, Dağıstan, Dərbənd olsun, Qərbi Azərbaycan olsun, fərqi yoxdur, orada yaranan ədəbiyyat Azərbaycan ədəbiyyatına xidmət deməkdir. - İstər tarixdə, istər günümüzdə - fərqi yoxdur, özünə diqqət tələb edir. O şəxslərin, o ədəbiyyatın, respublikamızın rəsmi hüdudlarından kənarda – mədəni-mənəvi coğrafiyamızda yaranmış mədəni irsin efirlərdə təbliğatı vacibdir".

Qənirə Paşayeva hesab edir ki, Güney Azərbaycanda yaranan folkloru, klassikləri, tarixi şəxsiyyətləri, mədəni-tarixi abidələri və s. özündə əks etdirən proqramlar çoxaldılmalıdır.

"Ən əsası isə vahid tariximiz barədə doğru, ardıcıl formada verilişlər hazırlanmalıdır. Belə proqramlar Türk dünyası miqyasında da daha çox, daha sistemli və məqsədyönlü hazırlanmalıdır.

Qərbi Azərbaycanda formalaşmış, yaradılımış mədəni irsimiz mövzusuna yenidən qayıtmaq istərdim. Qərbi Azərbaycan İcmasının rəhbəri, millət vəkili Əziz Ələkbərli komitəmizin üzvüdür və onun maraqlı və konkret təklifləri vardır. Hesab edirik, icma rəhbəri, alim kimi Əziz müəllimin, ümumən Qərbi Azərbaycan mövzusunu davamlı işləmiş aydınlarımızın fikirləri daha çox nəzərə alınmalı, peşəkarlıqla hazırlanan proqramların sayı daha da artmalıdır.

Həm Qərbi Azərbaycan, Dünya Azərbaycanlıları, həm də Türk dünyası ilə bağlı cənab Prezidentin fikirləri, siyasi iradəsi bizlərə yolgöstərici və rəhbər sənəd dəyərindədir", - deyə komitə sədri bildirib.

Turan İSMAYIL