Gömrük Komitəsinin yüksəkvəzifəli məmuru bu qədər mənimsəyibmiş

 17:20 03.05.2023     395

Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin sabiq vəzifəli şəxsi hakim qarşısına çıxarılacaq.

Baş Prokurorluğun Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, Birliyin Bakı şöbəsinin sabiq rəis müavini Fəxrəddin Quliyevin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işinin istintaqı yekunlaşıb.

İstintaq zamanı F.Quliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı edərək Dövlət Gömrük Komitəsi tərəfindən vətəndaşlardan götürülərək saxlanılmasına nəzarət üçün ona etibar edilmiş 70 min manatdan artıq özgə əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Fəxrəddin Quliyevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib. Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib (qafqazinfo).