Metroda yanğın təlimi keçirildi - VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) və “Bakı Metropoliteni”nin birgə təşkilatçılığı ilə “Azadlıq prospekti” metrostansiyasında təlim keçirilib.
FHN-in Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, təlim zamanı şərti yanğınla bağlı Metropoliten əməkdaşları tərəfindən ilk olaraq stansiyanın bağlanması, tuneldə işçi işıqların yandırılması, təmas relslərindən gərginliyin kəsilməsi üçün qısaqapayıcıların pozulması, keçid qapılarının açılması işləri həyata keçirilib.
FHN-in mobil yanğın-xilasetmə qrupları tərəfindən kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısa müddətdə şərti yanğın söndürülüb, xilasetmə vasitələri tətbiq edilməklə “zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin yardım göstərilib”.
Təlimə FHN-in ümumilikdə 4 ədəd texnikası və 36 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.