"Qiymət aşağı olduğuna görə sərnişinlər razılıq edir, amma..." - Ekspert

 16:41 10.05.2023     8490

"Azərbaycanda taksi fəaliyyətində çox ciddi problemlər var və bu problemlərin həlli təkcə vahid tarifdən və yaxud da nədənsə asılı deyil. Burada ümumi qayda-qanun bərpa olunmalıdır".

Bunu Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirdi.

"Qanunda yazılan bir çox ideyalar, təkliflər var və bunların da həlli əslində mümkündür. Yəni bu istiqamətdə dövlət tərəfindən nəzarət tədbirləri həyata keçirilsə, müəyyən dəyişikliklərə, uğurlara imza atmaq olar. İndiki halda, yəni hansısa bir şirkətin başqa bir şirkətlə birləşməsi inkişafa doğru atılan addım deyil. Müəyyən şirkətlərin özlərinin sadəcə maraqlarıdır ki, bu maraqlar çərçivəsində öz işlərini görürlər. Bu, böyük bir dəyişikliyə gətirib çıxaracaqmı, buna inanmıram. Çünki taksi şirkətləri sadəcə öz maraqları baxımından öz işlərini qurmağı, genişləndirməyi düşünürlər. Ümumi inkişaf üçün böyük nəzarət planları həyata keçirilməlidir. Bununla bağlı müəyyən addımlar atılmalıdır və bu zaman biz hansısa bir dəyişikliyin, yeniliyin şahidi ola bilərik", - deyə ekspert qeyd etdi.

E.Muradlı onu da vurğuladı ki, qiymətlərlə bağlı sürücülər narazılıq edir:

"Xidmətdən sərnişinlər narazıdır. Qiymət aşağı olduğuna görə sərnişinlər bundan razılıq edir. Amma sürücülər narazıdır ki, bu qiymətə sərnişin daşımaq sərf eləmir və müəyyən qədər də bu məsələdə onlar haqlıdırlar. Çünki mövcud indiki qiymətlər, yəni reallığı əks etdirməyən qiymətlərdir. Sadəcə, bəzi şirkətlərin maraqları baxımından yanaşanda onlar indi guya rəqabət aparırlar və bu rəqabət adıyla da qiymətləri bərbad günə salıblar. Bu, düzgün yanaşma deyil. Bunun hansısa formada həlli tapılmalıdır və o zaman biz inkişaf barədə danışa bilərik. İndiki reallıqlar, yəni sadəcə acı reallıqlardır, bunu da demək lazımdır. Bununla bağlı əslində ciddi tapşırıqlar var. Bakı şəhərində taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı cənab Prezident tərəfindən qərar verilib. Digər tərəfdən Baş nazirin qərarı var. Bunun icrası müsbət nəticələr verə bilər".

Həmidə İbrahimli