"Uklon"un gəlişi taksi qiymətlərinə necə təsir göstərəcək?

 17:19 05.05.2023     2196

Məlum olduğu kimi, Bakıda yeni bir taksi şirkəti fəaliyyətə başlayıb. Ukraynanın taksi şirkəti "Uklon" Azərbaycanın yerli şirkəti "Umico" ilə əməkaşlıq edəcək.  

“Uklon Azərbaycan” MMC 2023-cü ilin fevralında 100 min ABŞ dolları nizamnamə kapitalı ilə yaradılıb və Azərbaycanda çıxış edəcək 5-ci xarici kapitallı taksi şirkətidir.

Bəs, taksi bazarında yeni şirkətin iştirakı qiymətlərə təsir edəcəkmi?

Məsələ ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov bildirdi ki, belə əməkdaşlıq etmək əslində yaxşı, doğru addımdır.

"Çünki bu, ən azı xarici praktikadır və xarici dövlətlərin əməkdaşlığı şəklində belə müsbət nəticələr əldə etmək olar. Amma o şirkətin Azərbaycanda gəlib fəaliyyət göstərməsi və yaxud hər hansı bir prosedurla tənzimlənməsi o demək deyil ki, qiymət aşağı düşəcək və yaxud qiymət qalxa bilər. Burada fərq xidmətdə müəyyən sayda avtomobillərin baza prinsipi üzrə transferi və yaxud praktika cəhətdən ibarət ola bilər. Amma xüsusi nəyisə dəyişdirəcəyinə potensial görmürəm. Yəni əməkdaşlıq etdi, qiymətlər düşdü, yaxud qalxdı kimi halların olacağını gözləmirəm",- deyə ekspert qeyd etdi.

Həmidə İbrahimli