"Texniki müayinə ilə bağlı xidmətimizdə əsaslı şəkildə dönüş yaranacaq" - "Azəriqaz" rəsmisi
“Texniki müayinələrin icrası ilə məşğul olacaq heyət artıq yavaş-yavaş formalaşır. "Azəriqaz"ın SƏTƏMM və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudovun iştirakı ilə Gəncədə və digər rayonlarda artıq bu proses başlayıb”.
Redaktor.az xəbər verir ki, bu barədə media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib.
Onun sözlərinə görə, ilkin mərhələdə texniki müayinəyə cəlb olunacaq 2023 əməkdaşın təlimlərinə start verilib.
"Həmin o 2023 əməkdaş təlimləri keçəndən sonra digər həmkarlarına, daha geniş auditoriyaya təlimlərin keçirilməsi prosesinə başlayacaq. İnanıram ki, bir il civarında bizdə ixtisaslaşmış, təlimlər keçmiş bu tip əməkdaşlar formalaşacaq və bizim də texniki müayinə ilə bağlı xidmətimizdə əsaslı şəkildə dönüş yaranacaq. Və bunun bariz nümunəsi olaraq hadisələrin və digər səbəblərin azalmasını biz müşahidə edəcəyik. Amma bu o demək deyil ki, bunların heç biri olmayacaq. İnsan faktoru varsa, "Azəriqaz" İstehsalat Birliyi hər bir evin girişində, hər saniyədən bir gəlib nəyisə yoxlamaq kimi fiziki imkana sahib deyil. Bu baxımdan abonentlərin üzərinə düşən məsuliyyət yükü var ki, o məsuliyyət yükü onların təhlükəsizliyinə birbaşa təsir edir. Hamı öz üzərinə düşən məsuliyyəti dərk etsə, inanıram ki, əsassız surətdə bu tip hadisələrin qarşısı alınacaq", - deyə E.Vəliyev bildirib.
Həmidə İbrahimli