Avtobus zolağına daxil olan sürücülərə elektron qaydada cərimə yazılır - DYP rəsmisi

Bakıda hər gün on minlərlə insanın tıxacda qalması heç kimə sirr deyil. Bu problem isə həll olunmur ki, olunmur. Xüsusilə də ictimai nəqliyyatdan, marşrut avtobuslardan istifadə edən sərnişinlər tıxac problemindən çox əziyyət çəkirlər. Maraqlıdır ki, paytaxtda bəzi yollarda avtobuslar üçün xüsusi zolaqlar salınsa da, həmin zolaqda hərəkət edən minik avtomobilləri kifayət qədərdir. Bu isə avtobusdan istifadə edən insanların mənzil başına tez çatmasına mane olan səbəblərdəndir.
Bu hala şəhərin "Avtovağzal" və "Şamaxinka" adlanan hissələrində də tez-tez rast gəlmək mümkündür. Yolda avtobus xətti olsa da, minik avtomobillərinin sürücüləri buna riayət etmir. Nəticədə avtobuslar tıxacda qalır.
Bəs, bu sürüclər cərimə olunurmu? Cərimə olunursa, niyə riayət edən yoxdur?
Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqələr bölməsinin baş inspektoru Araz Əsgərli bildirdi ki, təbii ki, cərimə tətbiq olunur.
Onun sözlərinə görə, qayda pozan insanların qayda pozmamaları üçün inzibati tənbeh tədbirləri seçilir:
"Yəni İnzibati Xətalar Məcəlləsinin mahiyyəti budur ki, tənbeh almış insan bir də bunu eləməsin. Amma kimsə bundan nəticə çıxarmayıb dəfələrlə eyni qayda pozuntularını etməklə cərimələnirsə, artıq bu, seçimin düzgün olmamasından irəli gəlir. Yəni aparılan təbliğat işləri, marifləndirmə işlərinin məqsədi budur ki, ham öz qazancını, vəsaitini cərimələrə yox, qaydalara riayət etməklə öz ailə üzvlərinə, doğmalarına xərcləsin. Yəni cərimə qayda pozulanda tətbiq olunan bir vasitədir. Sizin dediyiniz qaydaların aşkar olunması üçün bu gün heç birbaşa Yol Patrul Xidməti əməkdaşının yolda olmağına ehtiyac yoxdur. Həmin qayda pozuntuları xüsusi texniki vasitələrlə elektron qaydada, avtomatik rejimdə qeydə alınır və cərimə yazılır. Sürücülər də bunu dərhal öz şəxsi kabinetlərində görürlər. Amma bəzən qayda pozuntusunu, nəzərdə tutulan cəriməni öz məsuliyyətlərinə qurban verirlər. Bu sualı məncə cərimə olunana vermək lazımdır ki, cərimə oluna-oluna bu qayda pozuntusunu nə üçün edirsiz? Bizim özümüz üçün də maraqlıdır".
Həmidə İbrahimli