Quru sərhədlərimiz açılacaq? - Deputat: "Operativ Qərargah yaxın zamanda qüvvədə olan qadağaları ləğv edəcək"

 18:41 05.05.2023     1682

Xəbər verdiyimiz kimi, bu gün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ildən qüvvədə olan COVID-19 üçün qlobal fövqəladə vəziyyətin sona çatdığını elan edib.

Qeyd edək ki, aprelin 19-da Nazirlər Kabinetinin verdiyi qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü ilin 1 iyul saat 06:00-dək uzadılıb.

Hazırda ölkəmizdə xüsusi karantin rejimi ilə əlaqədar yalnız quru sərhədlərimiz bağlıdır.

Bəs, ÜST-ün bu qərarından sonra Azərbaycanda xüsusi karantin rejimi tamamilə ləğv edilərək sərhədlər açılacaqmı?

Mövzu ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, deputat Məlahət İbrahimqızı Redaktor.az-a danışıb.

O bildiridi ki, ÜST-ün qərarı çox sevindirici oldu:

"Növbəti pandemiyaların baş verəcəyi ilə bağlı şayiələr yayılırdı. ÜST-ün pandemiya ləğvi ilə bağlı bu açıqlaması isə insanlar arasındakı narahatlığı aradan qaldıracaq. Hər ölkə pandemiya ilə bağlı qadağalar tərtib etmişdi. Azərbaycanda bu qadağaların müəyyən hissəsi hələ də qüvvədə idi. ÜST-ün bu açıqlamasından sonra düşünürəm ki, Nazirlər Kabineti yanında Operativ Qərargah yaxın zamanda qüvvədə olan qadağaları ləğv edəcək. Quru sərhədlər də pandemiya səbəbindən bağlandığı üçün, açılacağı gözləniləndir".

Humay İSGƏNDƏRLİ

Vumart və Güvən reklamı Vumart Güvən