"Prezidentin əsas hədəfi qısa zamanda əhalinin Qarabağa köçürülməsidir" - Deputat

 13:22 06.05.2023     748

Xəbər verdiyimiz kimi, mayın 4-də prezident İlham Əliyev işğaldan azad olunmuş rayonlarımızda səfərdə olub.

Prezident Cəbrayıl rayonunda olarkən Xudafərin qəsəbəsinin, Horovlu və Şükürbəyli kəndlərinin təməlinin qoyulması tədbirində və 330 kV-luq "Cəbrayıl" qovşaq yarımstansiyasının açılışında iştirak edib. "Araz Vadisi İqtisadi Zonası"nda görülən işlərlə, Cəbrayıl şəhərində orta məktəbin binasında tikinti işlərinin gedişi ilə yaxından tanış olub. 

Milli Məclisdə Cəbrayıl rayonunu təmsil edən deputat Ceyhun Məmmədov dövlət başçısının Cəbrayıl səfəri ilə bağlı Redaktor.az-a danışıb.

Millət vəkili bildirdi ki, artıq bir neçə dəfədir ki, Prezident İlham Əliyev Qarabağa və Şərqi Zəngəzura səfər edərək burada görülən işlərlə yaxından tanış olur, gərgin iş qrafikinə baxmayaraq hər iki regionda aparılan işlərə özü birbaşa nəzarət edir.

"Bu, eyni zamanda, prezident İlham Əliyevin hər iki iqtisadi zonada görülən işlərə nə dərəcədə önəm verdiyini və həssas yanaşdığını göstərir. Onu da qeyd edək ki, Prezident İlham Əliyev bölgədə infrastrukturla yanaşı, yeni iş yerlərinin yaradılması məsələsinə də xüsusi önəm verir. Bu baxımdan "Araz Vadisi İqtisadi Zonası"nda görülən işlər də xüsusi diqqət çəkir. Burada bir çox yeni müəssisələrin, zavodların yaradılması bölgə insanlarının işlə təmin olunmasına böyük töhfə verəcək". 

C.Məmmədov qeyd etdi ki, mühüm məsələlərdən biri də bütün bu işlərin Azərbaycan dövlətinin hesabına həyata keçirilməsidir:

"Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə heç bir sosial layihəni təxirə salmadan Qarabağa və Şərqi Zəngəzurda böyük quruculuq və abadlıq işləri həyata keçirir. Bu, həm də bir daha onu söyləməyə əsas verir ki, Azərbaycan mərhələli şəkildə bütün məqsədlərinə ən qısa zamanda nail olacaq. Tezliklə Qarabağ və Şərqi-Zəngəzur dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək. Bunun üçün bütün addımlar zamanında atılır". 

Deputat təməli qoyulan kəndlərə köçlə bağlı da danışdı.

"Cənab prezident tərəfindən təməli qoyulan kəndlərə əhalinin köçünü zaman göstərəcək. Ancaq təxmini söyləmək olar ki, 1-2 il ərzində köç planlaşdırılacaq. Prezidentin əsas hədəfi qısa zamanda əhalinin Qarabağa köçürülməsidir",- deyə C.Məmmədov vurğuladı.

Humay İSGƏNDƏRLİ