Əfv edilənlər arasında Tərtər və Gəncə hadisələrinə görə tutulanlar da var
Məlum olduğu kimi, bu gün Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb.
Redaktor.az xəbər verir ki, əfv olunanlar arasında Tərtər və Gəncə hadisələri ilə əlaqədar məhkum edilmiş şəxslər də var. Belə ki, onlardan 5-i Tərtər hadisələri, 3-ü isə 2018-ci ildə baş vermiş Gəncə hadisələri ilə əlaqədar həbs edilənlərdir.
Həmin şəxslərin cəzalarının əsas hissəsini çəkdikləri, cəza çəkdikləri müddət ərzində davranışları, ailə vəziyyətləri və sağlamlıqları nəzərə alınaraq əfv edilməsi barədə qərar qəbul edilib.
Qeyd edək ki, Sərəncamla 801 məhkum əfv olunub, onlardan 463 şəxs azadlıqdan məhrumetmə cəzasından, 220 şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.