Tanınmış şəxslərə Heydər Əliyevlə bağlı saat hədiyyə olundu

 11:02 09.05.2023     335

Milli Qəhrəman Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupuna daxil olan Azərbaycanda ilk dəqiq mexanizmlər istehsal edən VMF Saat Fabriki Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş məhdud saylı “Heydər Əliyevin 100 il yaşayan rəngləri” adlanan saat kolleksiyası istehsal edib.

VMF-in saat kolleksiyası Prezident İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi haqqında sərəncamına uyğun hazırlanıb.

Qüdrət, müasirlik, aydınlıq, peşəkarlıq “Heydər Əliyevin 100 il yaşayan rəngləri” kolleksiyasının ana xəttini təşkil edib və hər bir saatın siferblatına Ulu öndərin imzası həkk olunub.

“Heydər Əliyevin 100 il yaşayan rəngləri” kolleksiyasından olan saatlar həm qadınlar, həm də kişilər üçün nəzərdə tutulub. Kolleksiyaya daxil olan məhdud sayda seriyanın arxa qapağında isə Heydər Əliyevin əksi fibra-lazer oyma mexanizmi ilə dəqiqliklə işlənərək həkk olunub.

Redaktor.az xəbər verir ki, saat kolleksiyasının təqdimat mərasimində çıxış edən ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayev Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasındakı xidmətlərindən danışıb.

Bildirib ki, məhz Heydər Əliyev sayəsində Azərbaycan Respublikası milli ziddiyyətlərdən xilas olaraq, tam bir dövlət olaraq qorunub saxlanılıb.

V.Mustafayev “Heydər Əliyevin 100 il yaşayan rəngləri” adlanan saat kolleksiyasının onun təşəbbüsü ilə hazırlandığını qeyd edib.

Daha sonra kolleksiyadan olan saatlar mükafat olaraq tanınmış ictimai, siyasi, mədəniyyət xadimlərinə təqdim edilib.

Mükafata layiq görülənlər sırasında eks-deputat Arif Rəhimzadə, sabiq təhsil naziri Misir Mərdanov, keçmiş rabitə naziri Siruz Abasbəyli, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Xalq artistləri Rasim Balayev, Niyaməddin Musayev, Milli İstiqalal Partiyasının lideri Etibar Məmmədov, kinorejissor Oqtay Mirqasımov, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, teatr rejissoru Cənnət Səlimova, Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova, tarixçi alim Solmaz Rüstəmova-Tohidi, 90-cı illərin əvvəllərində Heydər Əliyevin mətbuat katibi olmuş Əməkdar jurnalist Qahirə Hüseynova və digərləri var.

Laureatlar çıxış edərək Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər.