"Heydər Əliyev Azərbaycan cəmiyyətinin müstəqil dövlətçiliyə inamını bərpa elədi" - Aydın Quliyev

 14:06 10.05.2023     300

"Sovet Azərbaycanının tarixində Heydər Əliyevin silinməz izləri olduğu kimi, müstəqil Azərbaycan dövlətçiliyinin əsaslarının yaradılmasında da Heydər Əliyevin böyük xidmətləri var".

Bu fikirləri Redaktor.az-a "Bakı-Xəbər" qəzetinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aydın Quliyev ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı danışarkən dedi.

Onun fikrincə, Heydər Əliyevin müstəqil Azərbaycanın tarixində də çox böyük rolu var:

"Həm də müstəqil Azərbaycan dövlətinin formalaşdığı dövr üçün Heydər Əliyevin hələ sovet hakimiyyəti illərində Azərbaycanda yaratdığı, qurduğu bir çox şeylər ilkin fundament rolunu oynadı. Beləliklə də Sovet Azərbaycanında Heydər Əliyev yaratdıqları bir çox əsasların, bazaların üstündə müstəqil Azərbaycan dövlətinin də strukturlarını, iqtisadiyyatını qurmuş oldu. Müstəqil Azərbaycan dövlətinin konseptual və stabil xarici siyasət konsepsiyasının yaradılması Heydər Əliyevin adı ilə bağlıdır. Ölkənin daxilində hər cür təhlükəsizlik və iqtisadi problemlərin həlli üçün vacib olan sabitliyin bərqərar olması Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycan dövlətçiliyinin ilkin mərhələsində çox vacib olan cəmiyyətin, xalqın dövlət siyasəti ətrafında toparlanması, səfərbərliyə alınması Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycan cəmiyyətinin müstəqil dövlətçiliyə inamını bərpa elədi. Çünki ilkin mərhələdə baş verən bəzi hadisələr insanları az qala müstəqillikdən döndərməyə başlamışdı və belə şəraitdə Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan xalqını, cəmiyyəti müstəqil dövlətçilik ideyalarına daha da bağlamış oldu".

Aydın Quliyev onu da qeyd etdi ki, Azərbaycan ordusunun, iqtisadiyyatının ilkin modelləri və əsasları da məhz Heydər Əliyev tərəfindən yaradıldı.

"2020-ci ildə Azərbaycanın torpaqları bizim şanlı ordumuz və İlham Əliyevin siyasəti sayəsində işğaldan azad olundu. Lakin bu məhz Heydər Əliyevin qurduğu, yaratdığı möhkəm, intizamlı nizami ordunun nailiyyəti sayılır. Digər tərəfdən, Azərbaycanın iqtisadiyyatı və ordu quruculuğu üçün çox vacib olan sabit maliyyə mənbəyinin yaradılması prosesini də ilk dəfə Heydər Əliyev açdı. Bir çoxları şübhə ilə yanaşsalar da, bəziləri bu işə maneçilik törətməyə çalışsalar da, Heydər Əliyev strategiyanı düz müəyyənləşdirərək Azərbaycanın enerji ehtiyatlarının dünya bazarına çıxarılmasına nail oldu ki, bu da bizim ölkəmiz üçün çox sabit bir maliyyə bazasına çevrildi. Məhz bu sabit maliyyə bazasının üstündə ölkədə iqtisadi durumu sakitləşdirmək mümkün oldu. Ölkənin qarşısında dayanan vacib iqtisadi, sosial və rifah problemlərinin həlli mümkün oldu. Eləcə də 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsini gerçəkləşdirmiş möhkəm ordunun texniki hərbi əsaslarını yaratmaq mümkün oldu. Bir sözlə, Heydər Əliyevin tariximizdə silinməz izi var. Müstəqil Azərbaycan dövlətçiliyinin möhkəm əsaslarının yaradılması Heydər Əliyevin adı ilə bağlıdır və bu günə qədər qurulan yaradılan hər şeyin kökündə də məhz Heydər Əliyevin atdığı fundamentlər dayanır", - deyə həmsöhbətimiz bildirdi.

Həmidə İbrahimli