"Xəstəliyimizin 85 faizini suda axtarmaq lazımdır" - Ekspert qablaşdırılmış sulardan DANIŞDI

 17:32 11.05.2023     677

Dünən Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı şikayəti əsasında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri şosesi, 1 May küçəsində yerləşən “ÇEMP Su” MMC-yə məxsus su emalı müəssisəsində plandankənar yoxlama keçirib, nöqsanlar aşkarlanıb.

Baxış zamanı müəssisədə qablaşdırılan “ÇEMP Su” əmtəə nişanlı suların etiket məlumatlarında suyun mənbəyinin “Böyük Qafqaz sıra dağlarının bulaqlarından ekoloji təmiz su”dan əldə edildiyi qeyd olunsa da, mərkəzləşdirilmiş su sistemindən gələn suları filtr etməklə qablaşdırıldığı müəyyən edilib. 

Bəs, maraqlıdır ölkədəki qablaşdırılmış suların vəziyyəti hansı yerdədir?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, su təbiətin və ya Allahın möcüzəsidir.

Onun sözlərinə görə, yeganə maddədir ki, su üç halda olur: qaz halında, kristal halında, maye halında:

"Yeganə maddədir ki, dadı, qoxusu yoxdur. Bütün maddələr istidən genişlənir, soyuqda sıxılır. Bu, həm istidə, həm də soyuqda genişlənir. Yeganə maddədir ki, yer üzündə sabit qalır. İnsanlar onu sanki çirkləndirirlər, tökürlər, lakin qalxır ərşə təmizlənir, bir də insanlara qayıdır. Bunun bu ilahiliyindən çox təəssüflər olsun ki, su istehsalçıları sui-istifadə edir. Daha doğrusu sudan sui-istifadə olunur. Mən 25 min insanın iştirak etdiyi Dünya Su Konqresinin Marseldə iştirakçısı olmuşam. Bir daha orada suyun ilahiliyini dərk etmişəm. O, konqresdən gələndən sonra mən avtomobilimi içməli suyla yuduzdurmuram. Birdəfəlik məsələyə son qoymuşam və düşünmüşəm ki, Azərbaycanımızda avtomobil yuma məntəqələrinin başqa ölkələrdən dəfələrlə çox olması, insanların buna meylli olması nə qədər nadanlıq, avamlıq və axmaqlıqdır. Ondan bəri mən avtomobilimi içməli su ilə yuduzdurmuram. Ölkədə texniki su yoxdur. Bu vəziyyətdən suyun ilahiliyindən istifadə edən su istehsalçıları, müxtəlif minerallaşmış su, filan dağdan gələn su, yerdən çıxan su adı altında xlorlaşdırılmış su satırlar və ölkənin əmtəə bazarında litri 9 manata, litri 40 qəpik olan təmizlənmiş su var. İstehlakçılar soruşurlar ki, bu H2O-sa nə üçün bir litri 9 manatdır? Əlbəttə, bu, əksər hallarda istehlakçını aldatmaq jestidir. Mən tam məsuliyyətlə deyirəm ki, hər bir brend suyun mütləq saxta variantları da var. Çünki onu istehlakçı dadı ilə, rəngi ilə ayırd edə bilmir. Və hər bir suyun, eləcə də birbaşa şəbəkədən gələn suyla qarışdırılması da var. Və yaxud təmiz suyla yığılması da var".

Ekspertin fikrincə, çox yaxşı haldır ki, Qida Təhlükəsizliyi Agentliyi məsələyə nəzər salıb.

"İllər boyu bu məsələ araşdırılmamış qalır. Çox yaxşı olar ki, AQTA onların bir neçəsinin ekspertizasını aparsın və tərkibləri, yəni etiketlərin düz gəlib-gəlməməsini aydınlaşdırsın. Mən səkkiz il bundan öncə 12 su barədə çox primitiv bir analizin nəticələrini dərc etdim. Bir həftənin içində iki yerdə məhkəməyə verildim və mənə dedilər ki, sən bilirsənmi su benzindən nə qədər bahalı bir şeydir. Buna toxunmaq çox mürəkkəb məsələdir. Doğrudan da hələ bu günləri heç bir tibb müəyyən etməyib ki, hansı orqanizmə hansı su lazımdır? Bir ailənin beş üzvünə bir su beş üzvündən üçünə xeyir edər, ikisinə zərərləyə bilər və yaxud uyğun olmaz. Yəni DNK səviyyəsində suyun insana təsiri öyrənilməyibdir. Hansı DNK insana hansı su lazımdır? Bunlar hamısı qaranlıq məsələdir. Suyu analiz etmək üçün 300 parametri araşdırılmalıdır. Ona görə bax bu ilahilikdən, bu qeyri-adilikdən suçular istifadə edir və AQTA- nın müəyyən etdiyi su istehsalçıları kimi anormal, insanları aldadan su şirkətləri var. AQTA-nın tədqiqatında əsas məsələ etiketdə olan məlumatlarla tərkibin düz gəlməməsi və eləcə də istehsal şəraitinin antisanitar olması, eləcə də suyun mənbəyi barədə məsələlər qaldırılıb. Bu çox vacib məsələdir və ölkənin əmtəə bazarında artezian suyu, dağlardan gələn su, bulaq suyu və s. çoxlu sular var. Birmənalı şəkildə tərkiblə etiket düz gəlməlidir. Çox yaxşı haldır ki, AQTA bu ilin yanvarından etiket məlumatlarının təqib olunması məsələsini öz üzərinə götürüb. İllər boyu bu etiketlərlə tək sular yox, digər mallarda etiketlərlə istehlakçı aldadılması baş verir. Buna son qoyulmalıdır. Sonsuz sayda belə mallar var ki, onların etiket məlumatları ilə tərkibləri düz gəlmir. Düşünürəm ki, AQTA addım-addım onları təqib edəcək və düzəlməsinə nail olacağıq. İstehlakçılar isə məsləhət görürəm ki, suyu dəyişərək içsinlər. Məsəl üçün, mən özüm bəzən kran su, bəzən alınma su içirəm, bəzən bulaq suyu, bəzən artezian su içirəm. Yəni qeyd etdiyim kimi, hansı insana hansı su lazımdır bu hələ heç elmdə müəyyən olunmayıb. Bədənimizin 85 faizi sudur. Xəstəliyimizin də elə 85 faizini suda axtarmaq lazımdır", - deyə Eyyub Hüseynov bildirdi.

Həmidə İbrahimli