Qaradağda sudan qanunsuz istifadə halları aşkarlandı - VİDEO

 17:27 12.05.2023     398

Qaradağ rayonunda aparılan nəzarət tədbirləri zamanı Sahil qəsəbəsi, Əliyar Gülbabayev küçəsində yerləşən tikintisi yarımçıq qalmış çoxmənzilli yaşayış binasında sudan qanunsuz istifadə halları aşkar edilib. 

Redaktor.az xəbər verir ki, binanın istismara verilmiş hissəsindəki mənzillərdə abonent kodları açılıb sayğaclar quraşdırılısa da, yarımçıq qalmış hissədə məskunlaşan sakinlər sudan qeyri-qanuni istifadə edirlər. Hətta bəzi sakinlər boruların üzərinə sayğac quraşdıraraq kirayədə qalanlardan pul yığıb.

Qobu Park-1 yaşayış kompleksinin zirzəmisində fəaliyyət göstərən iki obyektin - kafe və optika mağazasının da sudan qanunsuz istifadə etdiyi müəyyən edilib. Həmçinin Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən baytarlıq aptekində də sudan qeyri- qanuni istifadə halı aşkar edilib.

Nəzarət tədbirləri zamanı aşkarlanmış qeyri-qanuni birləşmələr ləğv edilib. Obyekt və mənzil sahiblərinin diqqətinə çatdırılıb ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Qeyd edək ki, 2023-cü ilin yanvar-aprel aylarında içməli sudan qanunsuz istifadə ilə bağlı ümumilikdə 4805, Qaradağ rayonunda isə 39 fakt aşkarlanıb, 50-dən çox fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.