"Karantində yazılmış cərimələr silinsə, çox yaxşı olar" - Aydın Mirzəzadə

 18:30 12.05.2023     712

Ötən həftə Ümumdünya Səhiyyə Təşkilatı bütün dünyada koronavirusla (COVID-19) bağlı fövqəladə vəziyyət rejimini ləğv etdi.

Qeyd edək ki, pandemiya ilə əlaqədar dünyanın bir sıra ölkələrində karantin qaydaları mövcud idi və bu qaydaların pozulmasına görə cərimələr müəyyənləşmişdi.

Azərbaycanda həm tibbi maska, həm SMS icazə tələbi, həmçinin fəaliyyətinə icazə verilməyən obyektlərlə və digər hallarla bağlı çox sayda cərimələrin yazılması heç kimə sirr deyil. Həmin dövrdə bəziləri yazılan cərimələri ödəsələr də, bir çoxlarının hələ də ödənməmiş cərimələri var. 

Maraqlıdır, karantin dövründə nə qədər cərimələnmiş vətəndaşımız var? Onlardan nə qədəri hələ də cərimələri ödəməyib? Ümumiyyətlə, inzibati cərimələrin aqibəti nə yerdədir? Cərimələrin silinməsi mümkündürmü? 

Suallara cavab tapmaq üçün Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlasaq da, qurumdan sorğumuza münasibət bildirilmədi.

Milli Məclisin deputatı Aydın Mirzəzadə isə bildirdi ki, dövlət tərəfindən cərimələr silinsə, çox yaxşı olar:

"Bir tərəfdən ortada bir qrup vətəndaşımızın qaydanı pozması var. İnsanların xəstəliyi çox yaymaması üçün qadağa qoyulmuşdu. Müəyyən qrup insanlar o qaydaları pozdular və qanuna müvafiq olaraq cərimələndilər. Amma hesab edirəm ki, onlara qarşı humanist addım atılması çox yaxşı olar. Ya hökumətin qərarı ilə, ya da hansısa səlahiyyətli bir strukturun qərarı ilə cərimələr vətəndaşların üzərindən silinərdi. Bu vətəndaşların maddi vəziyyətinə kömək olardı. Eyni zamanda, vətəndaşlara bir daha belə qanun pozuntulara yol verməmək, xəbərdarlığı edilərdi".

Humay İSGƏNDƏRLİ