Gəmilərə Qərbi Azərbaycan adları veriləcək

 13:15 16.05.2023     382

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də (ASCO) növbəti gəmilərə Qərbi Azərbaycan adlarının verilməsi ilə bağlı müzakirələr aparılır, "Göyçə" adı artıq təsdiq edilib.

Redaktor.az xəbər verir ki, bunu "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Qaradağ Sənaye Parkının rezidenti - “Bakı Gəmiqayırma Zavodu” MMC tərəfindən hazırlanan “Zəngilan” tankerinin suya salınması ilə bağlı mərasimdə deyib.

Onun sözlərinə görə, bir neçə adlar müəyyənləşəcək və təsdiqlənəcək.

R. Vəliyev vurğulayıb ki, "Bakı Gəmiqayırma Zavodu" növbəti tankerləri suya salaraq, bizə təhvil verəcək: "Hazırda zavodda "Zəngilan" gəmisi ilə bərabər “Ro-Pax” tipli “Azərbaycan" və "Zərifə Əliyeva” gəmilərinin inşası davam etdirilir".

ASCO-nun rəhbəri əlavə edib ki, "Bakı Gəmiqayırma Zavodu" ilə bir neçə gəminin inşası ilə bağlı kommersiya danışıqları davam edir: "Ümid edirəm ki, yaxın vaxtlarda bu danışıqlar başa çatacaq və müqavilələr imzalanacaq".

O qeyd edib ki , ASCO "Bakı Gəmiqayırma Zavodu"nun əsas sifarişçilərindən biridir: "Amma yeganə sifarişçi deyil. Bu zavod Xəzəryanı ölkələrin sifarişlərini yerinə yetirə bilmək gücünə malikdir".