Şuşa ziyarətçiləri İsa bulağına niyə aparılmır? - AÇIQLAMA

 15:41 17.05.2023     1815

Məlum olduğu kimi, ötən ilin yanvar ayından etibarən Bakı-Şuşa-Bakı müntəzəm avtobus marşrutu istifadəyə verilib. Hazırda həftədə 3 dəfə olmaqla Azərbaycanın tac şəhərinə tur təşkil olunur. Marşrut xətlərinə bilet satışı onlayn qaydada “Yolumuz Qarabağa” portalı vasitəsilə həyata keçirilir. 

Qeyd edək ki, səfər bir gün ərzində həyata keçirilir və gedənlər təyin olunmuş vaxtda geri qayıtmalıdırlar. Sərnişinlərin Şuşada vaxt keçirmək müddəti 2,5 saatdır. 

Şuşaya ekskursiyaya Cıdır düzü, Şuşa qalası, Vaqifin məqbərəsi, "Xan qızı" bulağı və s. yerlər daxildir.

Lakin Şuşa ziyarətçiləri Azərbaycanın və Qarabağın ən məşhur istirahət yeri hesab olunan İsa bulağına aparılmır. Şuşaya səfər edən vətəndaşlar isə bu məşhur bulağı görmək arzusundadırlar.

Bəs, İsa bulağı hansı səbəbdən ziyarətçilərə açıq deyil?

Məsələ ilə bağlı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə əlaqə saxladıq.

Qurumun İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Səmayə Məmmədova Redaktor.az-a açıqlamasında ziyarətçilərin İsa bulağına buraxılmama səbəbini açıqladı.

“İsa bulağı öncədən müəyyən olunmuş marşuruta daxil edilməyib. Səbəb isə İsa bulağının Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin ərazisinə daxil olmamasıdır”,-deyə mətbuat katibi bildirdi.

Xatırladaq ki, İsa bulağı Şuşa şəhərindən 4 kilometr məsafədə, Qarabağ silsiləsində, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə, çox mənzərəli qalın meşələr qoynunda yerləşən səfalı istirahət guşəsidir. 

Humay İSGƏNDƏRLİ

222