Naxçıvan sakinlərinin məşğulluq vəziyyəti və sosial müdafiəsi yaxşılaşır

 23:43 17.05.2023     452

Naxçıvanda cari ilin ötən dövründə 2 221 nəfər işsiz statusu alıb, 168 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib, daha 384 əməkqabiliyyətli şəxsin məşğulluğunun təmin olunması üçün zəruri tədbirlərin icrası davam etdirilir.

Redaktor.az report-a istinadla xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin yaydığı məlumatda qeyd olunur.

Məlumata əsasən, sosial sahədə aparılan fəaliyyət nəticəsində muxtar respublika üzrə məşğulluğa dair reyestrdə 2 221 nəfər işsiz kimi qeydiyyata alınıb. Aparılan monitorinq və təhlillər zamanı bu rəqəmin işsizliyin gerçək səviyyəsini əks etdirmədiyi müəyyən olunduğu üçün bu istiqamətdə işlər davam etdirilir.

Səlahiyyətli nümayəndəlik tərəfindən vətəndaşların məşğulluq probleminin həlli istiqamətində göstərilən səylər nəticəsində 1 116 nəfərin özünüməşğulluq imkanlarının qiymətləndirilməsi məqsədilə iş aparılır. Bildirilir ki, 2023-cü ilin sonunadək 1 000-ə yaxın vətəndaşın haqqı ödənilən ictimai işə, 1 450 nəfərin isə özünüməşğulluq proqramına cəlb olunması nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin sosial sahədə digər təklifləri ünvanlı dövlət sosial yardımının (ÜDSY) ayrılması ilə bağlıdır. Səlahiyyətli nümayəndəliyin təşəbbüsü ilə muxtar respublikada müvafiq kateqoriyadan olan ailələrin ünvanlı dövlət sosial yardımı ilə təmin olunması sahəsində zəruri tədbirlərin icrası davam etdirilir. Bu məqsədlə, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yerli bölmələrin əməkdaşlarının iştirakı ilə 3 may 2023-cü il tarixindən müvafiq kateqoriyadan olan ailələrin ünvanlarında monitorinqlər keçirilir, ölkədə proaktiv qaydada ilk dəfə ünvanlı dövlət sosial yardımı təyinatına dair işlər aparılır.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi tərəfindən verilən məlumata əsasən müvafiq dövlət orqanları işsiz vətəndaşların sayının və ÜDSY-nin təyinatı ilə bağlı dəqiqləşdirilmə üçün monitorinqləri davam etdirir.

May ayında bu istiqamətdə görülən işlər çərçivəsində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli qurumlarının əməkdaşları 455 ailənin yaşadığı ünvanlarda olub, 130 ailə tərəfindən ünvanlı dövlət sosial yardımının verilməsi üçün toplanmış zəruri sənədlər təyinat üzrə qəbul edilib. Eyni zamanda, 96 ailənin üzvlərinə də müvafiq sənədləri toplayaraq aidiyyəti üzrə təqdim etməsi izah olunub. Bu nəticələrlə birlikdə, may ayının ötən dövrü ərzində ümumilikdə 293 ailənin sənədləri təyinata salınması üçün Əhalinin Sosial Müdafiəsi mərkəzlərində qeydiyyata alınıb. Ünvanlı dövlət sosial yardımının əlçatanlığının və operativliyinin təmin edilməsi məqsədilə müraciətlərin qəbulu ayın sonuncu həftəsinədək davam etdiriləcək.

Qeyd edək ki, yanvar ayında muxtar respublikada 318 ailəyə ünvanlı dövlət sosial yardımı ödənilirdisə, aprel ayında bu say 711-ə çatıb.