"Xaricdən maşın gətirənlər çalışmalıdır ki, elektromobillərdən istifadə etsin" - Vahid Əhmədov

 16:06 19.05.2023     1183

Vətəndaşlar ölkəyə gətirdiklərin avtomobillərin gömrük rüsumundan narazıdırlar. Elektromobillərin ölkəyə idxalından sonra rüsumların artdığını iddia edirlər.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Vahid Əhmədov Redaktor.az-a danışıb.

Deputat qeyd etdi ki, ümumiyyətlə, avtomobillərin idxalı ilə bağlı problemlər var:

“Hökumət də müəyyən problemləri nəzərə alaraq bu addımlar atır. Çünki artıq bütün dünyada elektromobillərin istehsalına başlanılıb, hətta Avropa dövlətləri qərar qəbul edib ki, 2030-cu ilə qədər Avropada bütün avtomobillər elektromobillər olacaq. Ona görə də elektromobillərlə bağlı qanun qəbul etmişik, müəyyən vergilərdən onları azad etmişik".

Vahid Əhmədovun fikrincə, xaricdən maşın gətirənlər daha çox çalışmalıdır ki, elektromobillərdən istifadə etsin.

"Həm ekologiya ilə əlaqədardır, həm də müəyyən qədər benzin işlətmirlər. Vaxt var idi ki, mən 1992-ci ildə baş nazirin birinci müavini işləyəndə Azərbaycanda cəmi 320-322 min maşın var idi. Bu gün Azərbaycanda maşınların sayı milyon yarımı keçib. Düzdür, dövlət başçısı bütün bunları nəzərə alıb ciddi yol islahatı həyata keçirir. Amma fikir versək kifayət qədər tıxaclar var, xüsusilə Bakıda”, - deyə millət vəkili qeyd etdi.

Humay İSGƏNDƏRLİ