Birləşmiş Ərəb Əmirliklərinin səfiri ADU-nun qonağı oldu - FOTO

 17:05 22.05.2023     342

Mayın 22-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi ilə görüşüb.

Redaktor.az xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla səfiri salamlayıb, onu universitetdə görməkdən məmnun olduğunu bildirib.

Görüşdə Ərəb dilinə olan maraq haqqında danışılıb, ərəb dilinin tədrisi istiqamətində yeni addımların atılacağı diqqətə çatdırılıb. Qeyd olunub ki, ADU-da Ərəb dili və mədəniyyəti mərkəzinin açılması istiqamətində bir sıra mühüm addımlar atılıb. Bildirilib ki, mərkəzin açılışından sonra əməkdaşlıq daha sıx və səmərəli olacaq, tələbələr üçün yeni imkanlar yaranacaq:

“Bizim üçün Azərbaycan Dillər Universiteti olaraq önəmli məsələlərdən biri də budur ki, ərəb həmkarlarımızla həm müəllimlər, həm də tələbələr səviyyəsində əlaqələrimiz olsun. Həmçinin biz öz imkanlarımız hesabına ADU-da fəaliyyət göstərəcək Ərəb mədəniyyəti mərkəzini əməkdaşlıq etdiyimiz bölgə məktəbləri ilə də tanış etməyə çalışacağıq. Ümid edirəm əməkdaşlıq çərçivəsində imzaladığımız müqavilədə qeyd olunan layihə və tədbirlərin həyata keçirilməsi münasibətlərimizin möhkəmlənməsinə və inkişafına müsbət təsir göstərəcək”.

Fövqəladə və səlahiyyətli səfir Məhəmməd Əl Bluşi dəvət üçün ADU-nun rektoruna təşəkkürünü bildirib, universitetdə ərəb dilinə olan marağı yüksək qiymətləndirib. İlk görüşdən sonra əldə olunan müsbət nəticələrdən danışan səfir bundan sonra da əməkdaşlığın yüksələn xətlə inkişaf edəcəyini bildirib. ADU-da fəaliyyət göstərəcək Ərəb dili və mədəniyyəti mərkəzi haqqında danışan səfir müəllim və tələbələr üçün perspektivlərin yüksək səviyyədə olduğunu söyləyib.

Görüş gələcək fəaliyyətin yeni istiqamətlərinin müzakirəsi ilə davam edib.

 

22