İtkin düşmüş şəxslərin yaxınlarından götürülən nümunələr yoxlanıldı

 12:52 23.05.2023     383

“İtkin düşmüş şəxslərin ailə üzvlərindən götürülən bioloji nümunələrin keyfiyyətinin yoxlanılması Xorvatiyanın Zaqreb şəhərində yerləşən laboratoriyalarda həyata keçirilib və müsbət qiymətləndirilib”.

Redaktor.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin şöbə rəisi Sənan Babayev “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda keçirilən ilk beynəlxalq konfransda çıxışı zamanı deyib.

O xatırladıb ki, 2008-ci ildə Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında imzalanmış çərçivə sazişinə əsasən 2014-cü ilin may ayından başlayaraq itkin düşmüş şəxslərin ailə üzvlərindən bioloji nümunələrin götürülməsi həyata keçirilib:

“Bioloji nümunələrin xüsusi şəraitdə və temperaturda arxivləşdirilməsi, saxlanılması Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsi tərəfindən aparılıb.

Bu illər ərzində götürülən bioloji nümunələrin keyfiyyətinin yoxlanılması Xorvatiyanın Zaqreb şəhərində yerləşən laboratoriyalarda həyata keçirilib və müsbət qiymətləndirilib.

Bu layihə 2022-ci ildə sona çatıb. Müxtəlif səbəblərdən qalan bioloji nümunələrin toplanılması BQXK-nin ekspertləri tərəfindən keçirilən təlimə uyğun olaraq DTX-nin Hərbi Tibb Baş İdarəsinin mütəxəssisləri tərəfindən həyata keçirilib”.